İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər.
NTV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.
Qeyd olunub ki, velosiped, skuter, moped və ya motosiklet idarə etməsindən asılı olmayaraq, bu nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən istifadə edərkən müvafiq qaydaya əməl etməlidirlər. Lakin bəzi sürücülər bilərəkdən və ya bilməyərəkdən bu tələbi pozurlar.
Xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan belə halların təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, yolu hərəkətdə olarkən keçirlər. Bu isə piyadalar üçün təhlükəli vəziyyət yaradır və yol-nəqliyyat hadisələri riskini artırır.
Mərkəz bir daha xatırladır ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən keçərkən nəqliyyat vasitəsindən düşməli və yolu piyada kimi keçməlidirlər.
Bildirilib ki, müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili aparılan təbliğat, izahat və maarifləndirmə tədbirlərinin müsbət nəticələr verdiyini göstərir. Belə ki, artıq bir çox velosiped və skuter sürücüləri yollarda, səkilərdə və piyada keçidlərində hərəkət qaydalarına əməl edirlər.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol-nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə çağırır.
