Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla, bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.
NTV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, dumanlı hava şəraiti, xüsusilə səhər və axşam saatlarında sürücülərin görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Bu isə ağır yol-nəqliyyat hadisələrinin, o cümlədən zəncirvari toqquşmaların baş verməsi riskini artırır.
BDYPİ sürücülərə belə hava şəraitində daha diqqətli olmağı, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsi saxlamağı tövsiyə edir. Həmçinin avtomobillərin xarici işıq cihazlarının sazlığına diqqət yetirilməsi, ötmə və manevrlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması vacibdir.
Piyadalara da müraciət edən İdarə dumanlı havada sürücülərin yolun hərəkət hissəsini və ətrafı görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha diqqətli və məsuliyyətli olmağı xahiş edir.
