Naxçıvan blokada şəraitində enerji qıtlığı, ərzaq çatışmazlığı və işsizliklə üz-üzə qaldığı dövrdə bir tərəfdən ölkə rəhbərliyi Muxtar Respublikanı diqqətdən kənarda saxlayır, digər tərəfdən isə erməni təhlükəsi davam edirdi. Belə çətin bir zamanda Naxçıvan qeyrətli oğulların sayəsində duruş gətirdi.
Vətəninin ən ağır günlərində geri dönən peşəkar zabit Səhlab Məmmədov, Azərbaycanın suverenliyi və təhlükəsizliyi uğrunda fədakar xidmət göstərmiş şəxslərdən biridir.
Ümummilli lider Heydər Əliyevin 7 sentyabr 1991-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi (DMMK) yaradıldı. Bu qurumun əsas vəzifəsi sərhədlərimizi erməni təcavüzündən qorumaq və əhalinin təhlükəsizliyini təmin etmək idi. O dövrdə Naxçıvanda DMMK ilə yanaşı, Sovet ordusuna məxsus 75-ci motoatıcı diviziya və 41 saylı sərhəd dəstəsi də fəaliyyət göstərirdi.
Müdafiə komitəsində gərgin xidmət
DMMK-nin Baş Qərargah rəisi təyin edilən Səhlab Məmmədov elə ilk gündən xidməti fəaliyyətinə başladı. Sovet qoşunlarının rəhbər heyəti Azərbaycanda müstəqil ordu qurulmasına qarşı çıxır, tez-tez təxribatlar törədirdi. Lakin Səhlab Məmmədov və onun silahdaşları bu təxribatların qarşısını vaxtında alaraq fəaliyyətlərini davam etdirirdilər.
O dövrdə qarşıda ciddi çətinliklər vardı. Qarşımızda Rusiyanın və Ermənistanın təpədən-dırnağa qədər silahlanmış qoşunları dayanırdı. Bizim isə hərbi akademiya bitirmiş zabitlərimiz olmasa da, torpaq uğrunda canından keçməyə hazır minlərlə vətən övladımız var idi.
Naxçıvanda çağırışçıların yerli orduya cəlb olunması Azərbaycanın müstəqil ordu quruculuğundakı ilk addımlardan biri oldu. Ordu üçün silah-sursat, hərbi texnika, ərzaq, geyim, tibbi ləvazimat, peşəkar hərbçilər və təlimlər lazım idi. Səhlab Məmmədov Baş Qərargah rəisi kimi bütün bu məsələlərin öhdəsindən layiqincə gəlirdi. Onun şair təbiətli olması, zabit və əsgərlərlə yüksək ünsiyyət qurmasına kömək edirdi.
Səngərdə keçən günlər
Ermənilər Muxtar Respublikaya hücuma başladığı andan etibarən Səhlab Məmmədovun iş otağı səngərə çevrildi. O, çoxsaylı təhdidlərə, təzyiqlərə baxmayaraq, üzərinə düşən vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirdi və adını Naxçıvanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdırdı.
Uzun illər Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət göstərən Səhlab Məmmədovun eyni zamanda şair kimi kitabları nəşr olunub. Hazırda isə o, ağır xəstəliklə mübarizə aparır.
Naxçıvan televiziyası onun haqqında film hazırladı
Naxçıvan Televiziyası tərəfindən Səhlab Məmmədovun həyat və xidmət yolundan bəhs edən film çəkilib. Bu xəbər onun silahdaşları və yaxınları tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Filmə baxdıqca insanın qəlbi dağa dönür, çünki orada yalnız bir şəxsin deyil, bütöv bir qəhrəman nəslin mübarizəsi əks olunur. Filmin ideya müəllifi Sahil Tahirli, ssenari müəllifi isə Əhməd Əhmədovdur. Filmin bütün yaradıcı heyətinə dərin minnətdarlığımı bildirirəm. Nikbin insan olan Səhlab Məmmədova isə möhkəm can sağlığı arzulayıram. Vətən Sizi unutmayacaq!
Urfullah Qurbanov
Naxçıvan Dövlət Milli Müdafiə Komitəsinin
əks-kəşfiyyat şöbəsinin sabiq rəisi,
Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi