Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Xətai kəndində yaşayan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun təbriklərini ailəyə çatdırıb. Bildirib ki, uzunömürlü və nümunəvi ailələr cəmiyyət üçün örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar. O qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin təbliği və sağlam ailə münasibətlərinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Vurğulanıb ki, yarım əsrlik birgə ömür yolu keçən ailələr qarşılıqlı hörmətin, sədaqətin, sevgi və etimadın gözəl nümunəsidir. Belə ailələrin həyat təcrübəsi, adət-ənənələrə bağlılığı və ailə münasibətlərinə verdikləri dəyər gənc nəsil üçün mühüm örnək təşkil edir. Bu cür ailələrin ziyarət edilməsi və onların həyat yolunun təqdir olunması ailə dəyərlərinin yaşadılmasına, nəsillər arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir.
Komitənin sədri Ramilə Seyidova çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ailə siyasəti bu gün də Azərbaycanda uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı göstərilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, ölkəmizdə ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də uzunömürlü və nümunəvi ailələrin daim diqqətdə saxlanılmasıdır. Vurğulanıb ki, ailə dəyərlərinin qorunaraq gənc nəslə ötürülməsi və belə ailələrin həyat təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət daşıyır.
Komitə sədri bildirib ki, Azərbaycan ailəsinin əsas dayaqlarından olan qadınlar tarixən ailənin qorunması və yaşadılması naminə böyük fədakarlıqlar göstəriblər. Ailə münasibətlərində qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin qorunması, xalqımızın əsrlər boyu yaşatdığı əxlaqi dəyərlərin, ailəyə bağlılığın, analıq hissinin və məsuliyyətin gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Nəcəfovlar ailəsinin həyat təcrübəsi dinlənilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Ailənin başçısı Əvəz Nəcəfov və həyat yoldaşı Rahilə Nəcəfova onlara göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıqlarını bildiriblər.
Əvəz Nəcəfovun qardaşı Salman Nəcəfov da tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Əvəz Nəcəfov 1954-cü ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qaraqaya kəndində, həyat yoldaşı Rahilə Nəcəfova isə 1957-ci ildə Dərələyəz mahalının Gülüdüzü kəndində anadan olub. Hazırda onların 5 övladı, 9 nəvəsi və 2 nəticəsi var.
Tədbirin sonunda Şərur Rayon İcra Hakimiyyəti və Komitə tərəfindən Nəcəfovlar ailəsinə hədiyyələr və gül buketi təqdim olunub.
