satellite   Azerspace-1: 11135 H 30000

“Son” qatarın “ilk” vaqonu...

“Son” qatarın “ilk” vaqonu...

Yaddaşı yaşadanlarımızdan elə hamımızın eşitdiyimiz bir söz vardı: “Vağzaldan qatara minirdik, üzü Bakıya...” nöqtələrin yerinə fərqli talelərin ömür yaddaşı cila çəkərdi. Amma bir həqiqət vardı - “...üzü Bakıya”. Zaman dəyişdi... Biz əlçatmazlığı sonuna qədər yaşadıq, biz ümidsizliyi yaşadıq. Düşündük ki, bir daha olmayacaq.

Ötən əsrin 90-cı illəri Azərbaycan və onun ayrılmaz hissəsi Naxçıvan üçün nə qədər taleyüklü hadisələrlə yadda qaldı. Bizlər -  işğalı, blokadanı, aclığı, susuzluğu yaşayanlar üçün “son qatar”ın hüznü qədər çətin daha nə ola bilərdi. Get-gedə paslanan dəmir yolu özü ilə  keçmişin xatirələrini də sürükləyirdi, üzü Bakıya yox, üzü keçmişə...

O vaxt Naxçıvanda işləyən ümummilli lider Heydər Əliyev öz çıxışlarında deyirdi: “...6 aydır ki, dəmiryolu işləmədiyinə görə, bütün sənaye müəssisələri dayanıb, insanlar işsizdir, yaşayış çox ağırdır, yanacaq yoxdur, ərzaq malları çatışmır.” Bu sözlər Naxçıvanın o dövrünü əks etdirən acı reallıq idi.

Bu gün  Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verildi. Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Arif Ağayev  əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyətinin 15 milyon ton olacağını vurğuladı.

“Son qatar”ın səssiz-səmirsiz ayrıldığı stansiya “ilk vaqon” üçün həyəcanlıdır artıq. Vaxtilə səssizliyə, çürüməyə məhkum olmuş bu yerlər yenidən canlanacaq.

O “ilk vaqon”da Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, inamı, şəhidlərimizin qanı yol alacaq. Beləcə, o ilk vaqon bizi üzü Bakıya aparacaq. Amma keçdiyimiz yollar cənnətə çevrilmiş Qarabağdan, Şərqi Zəngəzurdan keçəcək. Və biz Naxçıvandan “üzü Bakıya” gedənlər üçün gələcəyə inamın qüruru yaşayacaq.

Minnətdarıq...!

 

İlkin Rzayev

Naxçıvan televiziyasının Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM