Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.
ANAMA-nın mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, görüşdə Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdə minatəmizləmə fəaliyyətinə maliyyə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və bu addımı humanitar həmrəyliyin göstəricisi olduğunu qeyd edib. Bununla yanaşı, səfirə ölkəmizin üzləşdiyi mina problemi və həmin problemin aradan qaldırılması sahəsində icra edilən fəaliyyət barədə ətraflı məlumat verilib.
Səfir minatəmizləmə sahəsinin ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətli hissəsi olduğunu və Çinin Azərbaycanın minatəmizləmə səylərini dəstəklədiyini bildirib. Həmçinin o, Prezident İlham Əliyevin bu ilin aprelində Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanmış sənədlərdən birinin humanitar minatəmizləmə sahəsində əməkdaşlığı əhatə etdiyini və hazırkı ianənin həmin memorandum çərçivəsində edildiyini vurğulayıb.
Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda tərəflər köçürülmüş ianə ilə bağlı müvafiq sənəd mübadiləsi edib.
