Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilir.
NTV xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin dekabrın 16-da keçirilən birgə iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin (idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinin) qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Bu çərçivədə “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.
Qanuna, eyni zamanda, elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi ilə bağlı yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, “Reklam haqqında” Qanunda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda, reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
