Hazırda Naxçıvan şəhərinin Bulqan kəndində uzun illər əvvəl quraşdırılmış qaz tənzimləyici şkafın yenisi ilə əvəz olunması istiqamətində işlər aparılır.
NTV xəbər verir ki, bunu Naxçıvan Regional Qaz İstismar İdarəsinin baş mühəndisinin vəzifəsini icra edən Ceyhun Abuşov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ərazidə 200-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin olunur: "Abunəçilərin dayanıqlı və təhlükəsiz qazla təmin edilməsi məqsədilə yeni şkafın quraşdırılması həyata keçirilir. Bu yenilik, xüsusilə qış mövsümündə əhalinin təbii qaza olan tələbatının tam şəkildə ödənilməsinə xidmət edəcək".
C.Abuşov əlavə edib ki, qış mövsümünün başa çatması ilə əlaqədar artıq tədbirlər planının icrasına başlanılıb: "Muxtar respublikanın müxtəlif rayon və xidmət ərazilərində yenidənqurma işləri həyata keçirilir. Korroziyaya uğramış polad boruların yenilənməsi, eləcə də köhnə və nasaz qaz tənzimləyici şkafların dəyişdirilməsi istiqamətində işlər davam etdirilir".
