NTV xəbər verir ki, “Birgə DİM Lokallaşdırılması Təşəbbüsü” çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Dövlət Universitetində keçirilmiş tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi barədə məlumatlılığın artırılması olub.
Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliklərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbir çərçivəsində əvvəlcə DİM-lərlə bağlı sərgi ziyarət olunub, daha sonra Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dayanıqlı İnkişaf Mərkəzi ilə tanışlıq həyata keçirilib. Mərkəzdə dayanıqlı inkişaf istiqamətində görülən işlər və həyata keçirilən təşəbbüslər barədə iştirakçılara məlumat verilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tədbirdə çıxış edərək Davamlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqinin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıblar. Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinin sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasının vacibliyi vurğulanıb, bu istiqamətdə dövlət qurumları, akademik dairələr arasında əməkdaşlığın önəmi qeyd olunub.
Bildirilib ki, DİM-lərin lokallaşdırılması regionların potensialından daha səmərəli istifadə edilməsinə, inklüziv inkişafın təmin olunmasına və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, universitetlərin elmi-tədqiqat və maarifləndirmə sahəsində rolu, beynəlxalq təcrübənin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən regionların sosial-iqtisadi inkişafı, DİM-lərin lokallaşdırılmasının məqsədi, prinsipləri və faydalarına dair təqdimatlar keçirilib, beynəlxalq təcrübə əsasında yerli səviyyədə tətbiq mexanizmləri müzakirə olunub.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
