“Newsweek” jurnalında Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş yazı dərc olunub

“Newsweek” jurnalında Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş yazı dərc olunub

Amerikanın məşhur “Newsweek” jurnalında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Vətən müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş məqaləsi dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunda münasibətlərin normallaşdırılması və iqtisadi inteqrasiya üçün imkanların əldən verilməməsindən bəhs edilir. Səfir Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın 30 il davam edən təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi və ərazinin ciddi dağıntılara məruz qalmasından bəhs edib. Bu təcavüz nəticəsində, həmçinin Ermənistanın təcrid vəziyyətinə düşməsi, xaricdən asılılıq, iqtisadi və demoqrafik tənəzzülə uğramasını xatırladıb.

Səfir müharibənin başa çatmasından sonra Ermənistan və erməni xalqı üçün yeni imkanlar yarandığını, təcavüzün emosional və iqtisadi fəlakətindən qurtarıb azərbaycanlı qonşuları ilə sülh şəraitində yaşamağın mümkünlüyündən bəhs edib. Bir neçə onillikdən sonra Ermənistan və Azərbaycanın yüksək səviyyəli məmurlarının regional əməkdaşlıq üçün nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasını müzakirə etməsinə toxunan E.Süleymanov, hazırda demarkasiya işlərinin aparılmasına və məcburi köçkünlərin geri qayıtması istiqamətində səylərin göstərilməsinə diqqət çəkib.

Məqalədə ABŞ şirkətlərinin smart və yaşıl şəhərlərin qurulmasında iştirakının vacibliyi qeyd olunur və bu yolda maneənin mülki şəxslərin və hərbçilərin ölümünə səbəb olan minalanmış ərazilərin olması bildirilir. ATƏT-in Minsk Qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının üzvü qismində ABŞ-ın sülhün qorunub saxlanması istiqamətində sözügedən təşkilatların qərarlarına əməl edilməsinə maraq göstərilməsinin əhəmiyyəti qeyd olunur. Qeyd edilib ki, ABŞ tərəf tutmadan hər iki ölkənin beynəlxalq hüquqa uyğun şəkildə davranması istiqamətində obyektiv vasitəçi rolunu tutmalıdır.

Məqalədə səfir vurğulayıb ki, 1992-ci ildə yüzlərlə azərbaycanlının həyatını itirməsi ilə nəticələnmiş Xocalı qətliamı da daxil olmaqla keçmişin ağır yaraları hələ də sağalmayıb. Eyni zamanda Azərbaycan gələcəyə baxmağa və sülhün təmin edilməsi üçün lazımi çətin addımları atmağa hazırdır. Azərbaycan Dağlıq Qarabağın erməni əsilli vətəndaşlarının ölkənin sosial və iqtisadi həyatına reinteqrasiyasını təmin etməklə bağlı mövqeyini bildirib.

Səfir müsəlman çoxluğa malik Azərbaycanın tolerantlıq və çoxmillətlilik nümunəsi olmasından bəhs edib, Ermənistan və Azərbaycan arasındakı münaqişəsinə dini don geyindirilməsini qınayıb, bu kimi cəhdlərin barışığa ciddi ziyan vurduğunu qeyd edib.

Azərbaycan və Ermənistan arasında davamlı sülh regionun tam potensialını üzə çıxararaq, Ermənistana qonşuları ilə inteqrasiya etmək imkanları yaradacaqdır ki, bu imkanlar da əldən verilməməlidir.

Xəbər lenti
Çox oxunan xəbərlər