Hansı işçilərin əmək müqaviləsi ləğv edilə bilməz

Hansı işçilərin əmək müqaviləsi ləğv edilə bilməz

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Burada işçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən olunub. Belə ki, müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud işçi əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, habelə  dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən  ləğv edilə bilər.

Qeyd edək ki, qanunvericiliyimizdə işəgötürən  tərəfindən  əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə görə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən və ya əmək qabiliyyətini müvəqqəti itirən və yaxud öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, habelə işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə və ya həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, həmçinin işçi məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işəgötürən tərəfindən  əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Lakin qeyd edilən  müddəalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını nəzərdə tutan 73-cü maddəsində əks olunan hallara şamil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə, iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Qeyd etmək lazımdır ki, qanunvericilikdə qeyd olunan tələblərin pozulmasına görə inzibati və cinayət  məsuliyyəti  müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 92.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində  hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarının pozulmasına görə də cinayət məsuliyyəti müəyyən olunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 164-cü maddəsinə görə qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

İsa Əliyev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM