Məqamı gələndə Araza bənd olan ŞAİR...

Məqamı gələndə Araza bənd olan ŞAİR...

Bu gün Xalq şair Məmməd Arazın doğum günüdür

Azərbaycan ədəbiyatının büyük simalarından olan Xalq şairi Məmməd Arazın yaradıcılığında Araz mövzusu çox əhəmiyyətli yer tutur. Arazı özünün şairlik imzasına çevirən Xalq şairinin bədii irsində Araz adi mənasından çox, milli tale və istiqlaliyyət mənası daşımaqdadır.

Görkəmli elm adamı akademik İsa Həbibbəyli bu xüsusda yazırdı: “Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, Xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə Mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan – Xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır”.

Məmməd Arazın yaradıcılığında Araz mövzusu milli istiqlal və bütövlük ideyalarına xidmət edir. Məmməd Arazın Vətən anlayışında Araz həsrəti, nisgili və yarası özünəməxsus yer tutur. Azərbaycanın bütövlüyünü pozan sərhədlər sənətkarın xəyal gücü ilə bir göz qırpımında aşılır, ayrılıqlar, sərhədlər ortadan götürülür, məhəbbət nifrətə, ədalət zülmə, azadlıq əsarətə, birlik ayrılığa qələbə çalır, Araz mövzusu onun ədəbi möhürünə, təxəllüsünə çevrilir. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yənə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və başqa şeirləri, “Araz axır” poeması məhz  o çaya həsr olunub. Bu əsərlərdə Azərbaycanın dərin nisgili, qəlbindən axan üzüntüsü  yer alıb. Buna görə də Xalq şairi özü haqda şeirlərindən birində “Sən məqamı gələndə Araza bənd olansan” - deyə yazır və özünün Araz şairi olmasını təsdiq edir. Habelə, “Qələm gəldi əlimə, Araz gəlir dilimə” dəyərkən də Araz mövzusunun yaradıcılığının sənət kredosuna çevrildiyini etiraf edir.

“Araz” şairi kimi tanınan  Məmməd Araz  yaradıcılığında daha konkret, daha qətiyyətli şəkildə Azərbaycanın ikiyə bölünməsi səbəbini göstərib və bu səbəbləri kəskin qınağa, tənqidə  məruz qoyub. Professor Y.Qarayev  haqlı olaraq deyirdi ki, poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi.

“Mən Arazın səsiyəm” deyən şair Araz mövzusu ilə Azərbaycanın parçalanma tarixinə nəzər saldığı kimi, onun birləşəcəyi ümidlərini də bir ideya, ideal olaraq yaşatmağa nail olub. Məmməd Araz həm də ona görə “Böyük Azərbaycan”çı şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycan sözünü işlətmədən belə azərbaycançılıq məfkurəsini əks etdirməyə nail olub.

Xalq şairinin Araza həsr etdiyi bütün əsərləri azərbaycançılıq məfkurəsini özündə yaşadan və əks etdirən qiymətli sənət nümunələridir. Çünki şair özü də dediyi kimi, Araza təkcə bir çay kimi baxmır, o daha çox Araza bir vətəni iki bölən sərhəd kimi, şovinist, istilaçı siyasətin şahidi, bir tarix kimi baxır və onu bütöv Azərbaycanın açarı, bütöv vətən idealının simvolu kimi görür. Buna görə də şairin yaradıcılığında Araz özünün dərdli, həsrətli, bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli xarakterilə yer alır və dil açıb danışır, hətta bir lider kimi də əks olunur. Bu baxımdan Araz Məmməd Arazın yaradıcılığında həm Azərbaycandır, həm bir ölkənin, vətənin tarixi, taleyi, bir xalqın, millətin ayrılıq dərdi, həsrəti, həm də bir vətəndaş-şairin nisgili, qəlb yarası, sənət mövzusudur. Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl yazır ki: “Azərbaycan nəzm və nəsr ədəbiyyatının bir çox nümayəndələri Araz çayına xitab edərək şeirini onun vəsfinə yönəldiblər. Bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar bir sədd kimi qiymətləndirənlər, bəzənsə vahid Azərbaycan probleminin baisi, səbəbkarı, qınaq yeri kimi də müraciət edənlər az olmayıb. Amma Məmməd Araz yaradıcılığında Araz nə zavallı, nə də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir”. Prof.V.Yusifli isə belə ifadə edir  ki, Məmməd Araz yaradıcılığında Təbriz bütün bir vətəni təmsil edirsə, Araz da böyük amalın və idealın adıdır. Bu mənada Araz həm də Məmməd Araz yaradıcılığında özünü Azərbaycanın istiqlaliyyətinə həsr etmiş mübariz sərkərdələr olan Xətaidir, Səttarxandır, Pişəvəridir, Xiyabanidir, Heydər Əliyevdir.

“Bu gecə yuxumda Arazı gördüm” şeirində Araz məhz bir lider kimi çıxış edir:

Bu gecə yuxumda Arazı gördüm…

Arazı bəxtindən çox razı gördüm.

Üstündən yol atdı: “Cəsarətlə keç!”

Dedi:…Cəsarət üstümdə şahə qalxmasa,

Təbriz itirəcək Təbrizliyini.

Məmməd Araz azərbaycançılığın tərkib hissəsi olan bu mübarizə idealını “Araz axır” əsərində çox uğurla davam etdirib. Bu əsərində artıq şairin xəyali bir mübarizə savaşı, Təbriz uğrunda fədakar mübarizə idealıdır.

 “Araz çay deyil yalnız, Araz neçə milyonluq insanlardır, eldir o” - deyən şair: “O axır, dağlar yarıb məcrasını tapacaq”, – deyə bu elin öz birliyi, bütövlüyü uğrunda mübarizə açacağı ümidlərini ifadə edib. Həm də maraqlıdır ki, bu əsər daha çox rəmzi obrazlar və gerçəkçi ideyalar üzərində qurulub. Əsərdə şairin sevgilisi Ayrıgül obrazı adından tutmuş bədii mahiyyətinə qədər şairin vətən sevgisinin mərkəzində dayanan bütöv vətənin tərkibindən qoparılmış Cənubi Azərbaycandır. Əsərin qəhrəmanı, şairin lirik məni sevgilisi Ayrıgülü dimdiyi qanlı qartalın – qanlı istilaçının caynağından xilas etmək üçün onun ardınca qaçır. Bu təsvirdə klassik aşiq-məşuq süjetinə oxşar bir şəkildə özünün vətən sevgisini obrazlı olaraq təqdim edən şair klassik əsərlərdəki başı dumanlı dağları, coşub-daşan çayları, divləri bu əsərdə müasir şəkildə təsbit edib. Lakin, klassik düşmən obrazları olan divlərdən fərqli olaraq sərhəd keşiyi çəkən hissiz, duyğusuz, əmr qulu olan əsgər təqdim olunur. Sevgilisi Ayrıgülün ardınca qaçıb keçmək istədiyi vətənə yadelli düşmənləri qovmaq istəyən bir döyüşçü olaraq gedən, savaşda iştirak edən, döyüşən və düşmənləri qovan müzəffər bir ordunun əsgəri kimi təsvir olunan şair sonralar həmin yurda ev tikmək, yurd salmaq, ocaq yandırmaq üçün bir mühəndis olaraq yol alır. Əsərin sonunda isə sənətkar rəmzi olaraq “Yubanırsan, vətəndaş! Yatma, oyan, vətəndaş”, – deyə  bütöv Azərbaycan uğrunda azərbaycançılıq məfkurəsinin mübarizə şüarını səsləndirir, oyanıqlığı bütün nəsillərin diqqətinə çatdırır.

Xalq şairi Araz həsrətli ayrılıq dərdi, bütövlük nigaranlığını ustad Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar gəlmədi” şeirində də təsirli, qabarıq ifadə edib. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 250 illik yubiley tədbirinə dəvət almasına rəğmən İran rejiminin razılıq vermədiyi üçün gələ bilməyən Şəhriyar həsrətinə böyük məzmun, ciddi məna qataraq təqdim edən şair bir xalqın ikiyə bölünmək dərdindən tutmuş aralarındakı yolsuzluğa qədər bütün dərdlərini bu şeirdə ümumiləşdirib:

Yalan danışın, yalan!

Bütün qəzəblərə su səpən yalan,

Bütün əsəblərə mum təpən yalan.

Bir ölkə düzəldin: yalandan yalan!

Yazın, nə gözəldir: yalandan yalan!

Böyük şairini yola salır bax,

Havada yellənir min əl, min papaq,

Marallar qoşulub dartır qatarı.

Qardaşı qardaşa qonaq aparır.

Şəhriyar yollanır Azərbaycana,

Yol hanı, yol hanı Azərbaycana?!..  

Öz ölkəsinin paralanmış “o tay” hissəsinə yol arayan, yol axtaran bütövlük ideallı şair qadağaların hökm sürdüyü bir dönəmdə xəyalən, qəlbən hər zaman Arazla – Azərbaycanı ayıran, həm də birləşdirən bir simvolla söhbətləşirdi, Azərbaycan nağılları və klassik irsində tez-tez rast gəlinən və çoxlarının bilmədiyi bir anlayışla Araz çayı ilə öz aralarındakı söhbətin dilinə “quş dili”, “daş dili”, “Araz dili”, - deyə müraciət edirdi. Vaxtilə yazdığı ilk şeirlərdən olan “Arazın nəğməsi”ndə:

Nə qədər ağırmış dərdin, möhnətin,

Ağrıdır sinəmi acı xəyallar.

Araz, dilin olsa, sözün, söhbətin,

Min il yazılası bir dastan olar –

deyə Araza dil arzulayaraq onun həyat hekayəsindən, çarpış-vuruş dastanından bəhs etməyi düşünürdüsə, sonralar ərsəyə gətirdiyi çoxsaylı “Arazüstü çinar gördüm”, “Oxuyan Təbriz”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz dili” və başqa əsərlərini ortaya qoyaraq bu əsərlərdə artıq “Araz dili”ndən bəhs adib.  “Araz dili” şeiri məhz bu ideyanı poetik vüsətlə ortaya qoyan ən sanballı nümunələrdən biridir.  “Araz dili” Arazla olan dərdləşmənin şairanə formasıdır.

Mən neçə yol danışmışam Arazla...

Hansı dildə danışmışam? –

Bilmirəm.

Quş dilində danışmışam? –

Bilmirəm.

Daş dilində danışmışam? –

Bilmirəm.

Mən neçə yol danışmışam Arazla...

…Araz dili: ürək dili, göz dili,

Torpaq dili, hava dili, göy dili.

Mən nəçə yol danışmışam Arazla.

Şairin poetik kəşfi olan “Araz dili” həsrət, dərd, kədər, bir birinə yetmək istəyən iki qardaşın sevda dilidir. Bir xalqın tarixi, etnik-mədəni birliyi və taleyi, həsrəti, dərdi, kədəri, ayrılıq səbəbi, vüsal arzusu, ümididir “Araz dili”.

Xalq şairi Məmməd Araz vaxtilə İstisu yaylaqlarında Aşıq Hüseyn Cavanla görüşünün  təəssüratında da maraqlı simvolizə etməklə onun dinən sazını “oxuyan Təbriz” deyə ümumiləşdirib:

Aşıq Cavan sarılmışdı sazına,

Toy qurmuşdu dünəninin yasına.

O, dərdini ya sındıra, ya sına,

Qəzəbi köklənib dağın-daşın da,

Təbriz ağlayırdı dağlar başında.

Bu hadisənin şahidi olan şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı (Yaxınlarda Allahın rəhmətinə qovuşan Gülxanım xanımı rəhmətlə anırıq – R.Q.) bu münasibətlə xatirələrində yazıb: “Aşıq Cavan üç saata yaxın saz çalıb oxudu. …Məmməd “Təbriz oxuyurdu dağlar başında” şeirini bu hadisənin təsiri ilə yazdı. Kəlbəcərin işğalından söz düşəndə həmişə ürək ağrısıyla deyirdi ki, Kəlbəcər kimi muzey əlimizdən gətdi”. Əlbəttə, bu sətirlərin kontekstində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun şücaətli döyüşlərindən sonra Kəlbəcər də, Şuşa da digər işğal altında olan ərazilərimizlə bərabər azad edildi. İndi o yerlərdə özü olmasa da Aşıq Cavanın ruhu yenə çalıb-oxuyur, Məmməd Arazın ruhu dinləyir…

Araz sevdalısı Xalq şairi Məmməd Araz bütün həyatı boyu Azərbaycanın birləşəcəyinə böyük ümid və inamla yanaşırdı. Onun yaradıcılığında bu üzdən Araz kədəri, həsrəti, ayrılıq dərdi təzahür etsə də, inam və ümid də az deyildi. Bu da çox böyük maraq doğurur ki, şair Məmməd Arazın 1986-cı ildə yazdığı “Böyüklər, uşaqlar…” adlı şeirində:

İnandım: hər uşaq bir od parçası!

İnandım: səngiməz bu od, bu ocaq!

Təbrizlə Naxçıvan arasındakı

Çəpəri yıxan da bunlar olacaq, –

deyən şair bir gün Azərbycanın bütövlüyünü pozan sərhədlərin götürüləcəyinə ümidlərini ifadə edib. 1992-ci ildə yazdığı “Sərhəd çəpərləri” şeirində isə sərhəd hərəkatının sayəsində gerçəkliyə qovuşan Cənubi Azərbaycanla sərhəd çəpərlərinin sökülməsi hadisəsini öyə-öyə təsvir edib. 

Ümumiyyətlə, Xalq şairi Məmməd Araz özünün vətən məzmunlu şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsinin təbliğ edən, Azərbaycan istiqalılana xidmət göstərən əbədiyaşar sənət adamıdır. Onun Araz mövzulu əsərlərilə bərabər “Ayağa dur, Azərbaycan”, “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrini təşkil edir. Məmməd Araz sənəti və sənətkarlığı əbədi və ədəbi bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Bu bir həqiqətdir ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının Vətən və vətəndaş şairidir. Onun yaradıcılığı ilk sözündən tutmuş son sözünə qədər vətən üzərinə deyilmiş vətən nəğmələri, vətəndaşlıq himnləridir. Ümid edirik ki, bir gün  Xalq şairinin bu vətəndaşlıq himnlərini Arazın qovuşdurduğu Azərbaycan bir ağızdan oxuyacaq!  “Haqqın var, Məmməd Araz, Haqqın var yaşamağa” deyəcək!

 

Ramiz Qasımov

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM