Tarixin qəhrəman, vətənpərvər Naxçıvanı və ya bütün məsələlərin öz həllini tapdığı füsunkar diyar

Tarixin qəhrəman, vətənpərvər Naxçıvanı və ya bütün məsələlərin öz həllini tapdığı füsunkar diyar

Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki Naxçıvan tarix boyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və bu şanlı missiya bu gün də davam etməkdədir.

Bu yerdə müharibə, qanlı qırğın olsa da, yurdumuz qısa zaman ərzində qəddini dikəldə bilib, abadlaşıb yenidən güllük-gülüstana çevrilib. Müqəddəs Nuh məkanının dəyəri düşmənlərimizə də əyan olub. Bu səbəbdəndir ki, yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Doğma yurdumuz torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğrulub. Odur ki, Qədim Nuh yurdu tarixinin hər səhifəsində min bir  salnamə var. Bu  salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: Bura NƏQŞİCAHANDIR! O Nəqşicahan ki uzun illər boyu buradan yolu düşən dosta qürur, düşmənə göz dağı, tarix boyu Azərbaycanın yenilməz, ərən qalası, vətənsevərliyi, dönməzliyi ilə nümunə olub.

Muxtariyyət olduqca mürəkkəb bir siyasi şəraitdə

əldə etdiyimiz böyük tarixi nailiyyətdir

Hər bir xalq öz müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadıb və nə vaxtsa onun reallığa çevrilməsi üçün əlverişli məqam gözləyir. Azərbaycanda belə bir məqam 1918-ci ildə yarandı. Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə mənfur, məkrli qonşusu olan ermənilərin ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açdı. Həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq, Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz arzusunu reallaşdıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların qəhrəmanlığı haqqında deyirdi: İgid naxçıvanlılar, şərurlular bütün çətinliklərə özləri qalib gəldilər, onlar həyatlarını, ailələrinin şərəfini, var-dövlətlərini riskə qoyaraq, doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və  bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra naxçıvanlıların qanuni hüquqlarını danmayacaqlar”.          

Naxçıvanlıların qəhrəmanlığını mənfur düşmənin özü belə etiraf edirdi. Ermənistanın birinci baş naziri O. Kaçaznuni 1923-cü ildə deyirdi: “Müsəlman Naxçıvanı və Şərurunda inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur qaldıq. Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olub geri çəkildik”.

1923-cü ildə Mustafa Kamal Atatürkə “Paşam, Naxçıvan barədə niyə bu qədər dönməz və qətiyyətlisiniz” sualı veriləndə Atatürk demişdir: “Çünki əminəm ki, Azərbaycan bir gün haqqı olan müstəqilliyi yenidən qazanacaq və Naxçıvan Türkiyəni Azərbaycanla bağlayacaq, Türkistana qapı olacaq”. Bəli, Türk dünyasının atası Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi həmin günə az qalıb. Vətən müharibəsindən sonra qazanılan Zəfərin sayəsində Azərbaycanın ayrılmaz hissəsi Naxçıvan  əzəli torpağımız olan Zəngəzur dəhlizi  vasitəsilə Türk dünyasına açılan qapı, Türk respublikalarını bir –birinə birləşdirən körpü olacaq. Ümidlərin, xəyalların gerçəyə döndüyü körpü.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”. Ulu öndərimizin yaradılmasını böyük tarixi nailliyət adlandırdığı Naxçıvan Muxtar Respublikası artıq Turana qapı olur. Dahi rəhbərin arzularından biri daha gerçəyə çevrilir.   

Naxçıvanın çətinliklər, məhrumiyyətlər və işğal təhlükəsi dövrü

Yetmiş illik sovetlər dövrünə qısa bir nəzər salanda görərik ki, Naxçıvan bu dövrdə haqqı olanı, yəni çəkilən zəhmətin əvəzini heç vaxt görə bilməyib.  Bu torpağın barının-bəhərinin, təbii sərvətlərinin, insanların əməksevərliyinin qarşılığı heç bir zaman verilməyib. Yaşayış məntəqələri də bərbad olub, yollar da, xəstəxanalar, məktəblər də, uşaq bağçaları da.  Bu da insanları yavaş-yavaş torpaqdan, doğma yurddan uzaq salıb. O dövrdə Naxçıvan sovet məkanının klassik əyaləti idi və uzaqlardan buraya yolu düşən hər kəs sovet dövlətinin uzaq bir guşəsi ilə Naxçıvan arasında heç bir fərq görmürdü. Uçuq, baxımsız tarixi abidələr “ateizm xəstəliyi”nə tutulan insanların düşmən münasibəti nəticəsində acınacaqlı hala düşmüşdü. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı tarix boyu çox mürəkkəb çətin yollardan keçib. Belə çətin sınaqlardan birini də xalqımız keçən əsrin 80-ci illərində yaşadı. Sovet İttifaqının son illəri isə naxçıvanlıların yaddaşına çətinliklər, məhrumiyyətlər, qanlı qırğınlar dövrü kimi yazılmaqla bərabər müstəqilik, azadlıq dövrü kimi də qaldı. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaradırdı.  Həmin çətin  günlərdə belə müstəqillik arzusundan əl çəkməyən və zaman yetişib artıq, müstəqil, azad olmaq vaxtı çatıb deyən 20 mindən çox sakin Naxçıvan şəhərində muxtariyyət parlamentinin qarşısında muxtar respublika Ali Sovetinin toplanmasını tələb edirdi. Fövqəladə sessiya 19 yanvar 1990-cı il axşam saatlarında muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərini pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılmaq qərarı verdi. Naxçıvandan - kiçik bir regiondan gələn bu qərar sovetlərin əcəl zəngi oldu. Bu həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, Azərbaycanın ozamankı rəhbərliyi həyasızcasına Naxçıvana “kor bağırsaq” deyirdi. Onu “kəsib” Ana Vətənindən ayırmaq istəyirdi. Bu, o vaxt idi ki, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu çörək növbələrində keçirirdi.

Belə bir dəhşətli vəziyyət ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək davam etdi. Ulu Tanrı bu diyara Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlunu xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvanda olması camaatı yurd-yuvalarından didərgin düşməyə qoymadı. Sakinlər güllə yağışı altında qalsa da, evini tərk etmədi, düşmən önündə dayandı, yurdlarını qorudular. O vaxtlar hər kəs-yaşından, sənətindən, vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, Vətənə övladlıq borcunu yerinə yetirməyə çalışırdı. Onlar ölümün gözünə dik baxır və öz canları bahasına Vətən torpağını qoruyurdular. Düşmənin atdığı “qradlar”, “alazanlar” torpağımıza yağış kimi yağsa da, doğma yurdunu, ev-eşiyini heç kim tərk etmədi. İşğalçı Ermənistan 1990-cı illərdə Naxçıvanda aldığı cavabı hələ də unutmayıb. Elə bu səbəbdəndir ki, Vətən müharibəsində Naxçıvanın Ermənistanla sərhəd bölgələrinə bir güllə atmağa cəsarət etmədilər.  Ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, yurda bağlılığı yurdumuzu qorudu. Bu, xalqımızın dəyanəti, vətənsevərliyi, torpaq, yurd sevgisinin nəticəsi idi. Həmin illərdə bunu təkcə mənfur ermənilər yox, bütün dünya gördü.

Dahi rəhbərin Naxçıvana gəlişi yurdumuzu işğal təhlükəsindən qorudu, qədim diyarda möhtəşəm dəyişikliklərin, sozün həqiqi mənasında, intibahın əsası qoyuldu. İnfrastruktur quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrdə canlanma yarandı.  Rəssam da, bəstəkar da, şair də, sadə vətəndaş da bu canlanmanın birbaşa sahidi və iştirakçısı oldu. Biz bunları kitablardan oxumadıq, filmlərdə görmədik  bütün bunları yaşayıb şahidlik etdik. Bugünkü növrağın təməli məhz o gün atıldı. Məmləkətimizin bu kiçik şəhərində yeni, azad, müstəqil Azərbaycan dövlətinin bünövrəsi qoyuldu. Onun baş memarı Azərbaycanı on illərdir qurub-tikən və onu yaşadan dahi rəhbər Heydər Əliyev idi.

Naxçıvan bu gün:

İnkişafın lokomotivi – sabitlik

Zaman keçdi... İnsanlara doğru yol göstərildi. Cinayət hadisələrini doğuran səbəblər aradan qaldırıldı. Əhalinin məşğulluğu təmin edildi. Hər kəs gücü çatdığı, bacardığı işin,  peşənin dalınca getdi.

Digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə tətbiq olunan Naxçıvan modeli, yəni cinayət baş verəndən sonra yox, cinayət baş verməzdən əvvəl həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Bir vaxtlar səksəkəli günlərini yaşayan Naxçıvan indi təhlükəsiz, nizam-intizamlı, cinayətsiz regiona çevrilib. Bu gün Naxçıvan torpağında atalar demişkən: “Başına qızıl al, gəz” sabitliyi hökm sürür. Özgənin malına-mülkünə, var-dövlətinə, insan şəxsiyyətinə hörmətin bariz nümunəsi bu torpaqdadır. Muxtar respublikanın sərhədləri düşməndən necə qorunursa, hüquq-mühafizə orqanları da müstəqil dövlətimizin qanunlarının keşiyində o cür ayıq-sayıq dayanır. Dahi Nizaminin  “Xəmsə”sindəki mütəfəkkirin arzuladığı qıfılsız evləri, gözətçisiz sahələri olan sakit guşəli məmləkət bu gün Naxçıvan diyarının timsalında görünür. Sadə bir misal çəkməklə bunu bir cümlə ilə izah edək: bu gün binalardakı mənzillərin heç birində dəmir barmaqlıqlara rast gəlinmir. Bu çox sadə görülsə də, əslində onun arxasında böyük  bir səbəb –  sabitlik dayanır.

Reallıq budur ki, bu gün muxtar respublikada dayanıqlı ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Hərtərəfli biliyə malik gənc nəslin yetişdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə hər cür şərait yaradılıb. Müasir məktəblər, gənclik mərkəzləri, idman zalları, idman kompleksləri, istifadəyə verilib. Gənclər dövlət qayğısı ilə həyatımızın bütün sahələrində quruculuq prosesinə, dövlət qanunverici və icraedici orqanlarda rəhbər vəzifələrə cəlb olunublar. Bu gün onlar beynəlxalq yarışlarda bayrağımızı dalğalandıran, himnimizi səsləndirən qürurverici gəncliyə çevriliblər. Vaxtilə küçələrdə veyil-veyil gəzən gənclər, yetənə yetən, yetməyənə bir daş atan yetkinlik yaşına çatmayan uşaqlar, yeniyetmələr, indi 500-700 bal toplayan məzunlar olub. Gələcəkdə Azərbaycan gənci dövlətimizi daha da yüksəklərə qaldıracaq.

Sürətli inkişaf bütün sahələri əhatə edib

Bu gün bölgələrimizə yolumuz düşəndə ilk diqqəti çəkən ali təhsil ocaqlarının binalarından heç də seçilməyən məktəblər olur. Geniş, işıqlı, elektron lövhəli sinif otaqları, laboratoriyalar, fənn kabinələri, kompüter sinifləri, müasir idman zalları olan bu məktəblər şagirdlərin ixtiyarına verilib, onların elm, bilik dünyasına aparan yollarını sonuna qədər açıb. Bu yolları ömür yolu seçənlərin sayı ilbəil artır. Onların səsi ölkəmizlə yanaşı dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir. Ötənlərdə həmsöhbət olduğum Naxçıvan şəhər sakini, yaşlı nəslin nümayəndələrindən dosent Elman Həsənov  dedi:

–  Sovet dönəmində kəndimizdəki məktəbdə oxuyurdum və digər ölkələr haqda kifayət qədər təsəvvürüm olmadığından elə bilirdim ki, təhsil aldığım məktəbin binası elə belə də olmalıdır. Çünki həmin dövrdə muxtar respublikamızın bütün bölgələrində də məktəblərin hamısı belə idi. İllər keçdikcə bunun belə olmadığını yavaş-yavaş hiss etməyə başladım. Həqiqətən də o zaman televiziyada göstərilən məktəb binalarına baxanda bu binalardan muxtar respublikamızda da olmasını arzulayırdım. Ancaq bu arzularım Azərbaycan müstəqilliyinə qovuşana qədər elə reallaşmayan arzu olaraq qaldı. Ancaq indi vəziyyət başqadır. Bu gün demək olar ki, bütün kəndlərimizdə müasir məktəb binaları var. Bu binalar ali məktəb binalarını xatırladır. Bu, bir sakin kimi məni çox sevindirir.  Hətta ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə tikilən müasirtipli məktəb binaları regionda təhsilin inkişafına göstərilən qayğının ifadəsidir.

İnkişaf strategiyasının uğurla davam etdirilməsi muxtar respublikada bütün sahələrdə inkişafa yol açıb. İqtisadi potensialımızın daha da yüksəlməsi, dayanıqlı və sabit iqtisadi sistem formalaşması davamlı inkişafı təmin edib. Təkcə beş ildə muxtar respublikada, ümumilikdə,  84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlib, ixracın həcmi artıb. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olması da qədim diyarın ötən illər ərzində əldə etdiyi uğurların məntiqi nəticəsidir.

İnsan amili daim ön plandadır

İnsan sağlamlığı bəşər övladının ən ali arzularından biridir. Bu haqda söhbət gedəndə yada ilk olaraq xəstəxanalar düşür. Son illərdə muxtar respublikada istifadəyə verilən xəstəxana binaları, onların təcrübəli kadrlarla, ən müasir texnologiyalarla təmin edilməsi  dövlətimizin insan amilinə diqqətindən və qayğısından xəbər verir.  Dünyanın inkişaf etmiş ölkələrinin xəstəxanalarında tətbiq edilən texnologiyalara indi muxtar respublikamızın hər bir səhiyyə ocağında rast gəlmək olur. Əvvəllər muxtar respublikamızdan kənarda şəfa axtaran sakinlər indi  sağlamlıqlarını öz həkimlərimizə etibar edirlər.  Nəticə isə göz qabağındadır: Xaricə müalicə üçün üz tutanların sayı ilbəil azalır. Profilaktika, müayinə, diaqnoz və müalicənin düzgün təşkili, peşəkar və yerli tibbi kadrların işə əsl vətəndaş həssaslığı ilə yanaşması bu azalmanın əsas səbəblərindəndir. Elə bunların nəticəsidir ki, yaxın günlərdə ilk Beynəlxalq  Tibb Forum Naxçıvanda keçirildi. Dünyanın 15-dən çox ölkəsindən və paytaxt Bakıdan gələn həkimlər Naxçıvan şəhərindəki səhiyyə ocaqlarında müayinlər apardı və buradakı şəraiti yüksək qiymətləndirdi.

İndi təkcə Naxçıvan şəhərinin yox, bütün rayon və kəndlərin şüşə kimi hamar yolları, müasir inzibati binaları, abad məhəllələri, yaşayış massivləri, bərpadan sonra yeni görünüş alan tarixi abidələri, yaşıl libasa, gül-çiçəyə bürünən park və xiyabanları var. Bütün bu gözəlliklər qədim Nuh yurdunu qonaqlar üçün daha da cəlbedici, muxtar respublika sakinləri üçün isə təhlükəsiz və yaşanılacaq yer edir. Bir vaxtlar yol-izi olmayan dağ kəndlərinə geniş abad yollar salınıb, dünən qonşu kəndlə əlaqəsi olmayan, dağ, sərhəd kəndləri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yaradır.

Bütün məsələlərin öz həllini tapdığı füsunkar diyar

İllər öncə çəkilən əziyyətlərin, keçmişin acı bir xatirəyə çevrilməsinin əsas səbəblərindən biri də mavi yanacaq, elektriklə, içməli su ilə təminatla bağlı məsələlərin öz həllini tapmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının bəhrəsi olaraq  bütün yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi, mavi  yanacaq verildi, yollar abadlaşdırıldı, ucqar dağ kəndlərində belə, şəhərdəki möhtəşəm binalardan heç də seçilməyən obyektlər  inşa olundu. Yanacaq olmaması səbəbindən payız aylarında  balta səsləri gələn bağlar yenidən dirçəldildi, əkin sahələrində ən müasir texnikaların səsləri eşidildi. İnsanlar indi vaxtını ərzaq, neft növbələrinə yox, Naxçıvanın daha da inkişafına, abadlaşıb, gözəlləşməyinə sərf edir. Hər kəs öz məhsuldar fəaliyyəti ilə ümumi işə öz töhfəsini verməyə çalışır.

Əhalinin məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, mütəmadi olaraq keçirilən əmək yarmarkaları bu işə öz töhfəsini verməkdədir. Yaradılan yeni emal və istehsal müəssisələri, mövcud istehsal sahələrinin fəaliyyətinin bərpa edilməsi,  sahibkarlığın inkişafına dövlət dəstəyi məşğulluq problemlərinin həllində mühüm rol oynayıb. Qədim diyarın bütün bölgələrində işsizliyin nəzərəçarpacaq şəkildə azalmasında aqrar sahə, sahibkarlıqla bağlı qəbul edilən dövlət proqramlarının da böyük rolu vardır. Təbii ki, bütün bunlar sakinləri daha möhkəm tellərlə öz el-obasına bağlayıb, kəndlərdə yeni evlərin-ocaqların sayı artıb. Bu gün hansı kəndə yolumuz düşürsə, oradakı gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri öz kəndində məskunlaşan insanların yaşayışından, xoş güzəranından soraq verir. Diyarımızın təkcə şəhər və rayon mərkəzləri deyil, ucqar dağ kəndləri  də  söhbət açdığımız yaxın keçmişdə xəyala belə gəlməyən sürətli inkişaf yolu keçib, gözəl bir məkana çevrilib.

Təbiidir ki, şahidi olduğumuz bütün xoş mənzərələr özbaşına əmələ gəlməyib. Bu məsələdə zəhməti, əzmkar fəaliyyəti olan muxtar respublika rəhbərinin rolunu xüsusi vurğulamaq lazımdır. Keçmişin yeni inkişaf dövrünü qədirbilən naxçıvanlılar böyük minnətdarlıq hissi ilə gözlər önünə gətirirlər. Çünki məhz həmin tarixdən etibarən Naxçıvan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Müstəqil Azərbaycan dövlətinin siyasətinin uğurla həyata keçirilməsi, regionda böyük quruculuq proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi, müasir inkişafın təmin edilməsi Ali Məclis Sədrinin çoxillik dövlətçilik təcrübəsinin, böyük əməllə əsl sədaqətin vəhdəti olan yorulmaz təşkilatçılıq fəaliyyətinin real nəticələridir.

Bir insan, Vətənini sevən bir vətəndaş üçün onun torpağının hər daşına-qayasına elinə-obasına, igidinə tərif deyilməsi, onun bu qədər gözəl inkişaf etməsi gözəlliklər məkanına çevrilməsi onun üçün ən böyük xoşbəxtlikdi. Ona görə ki hər kəsin dünyaya göz açdığı torpaq onun üçün əzizdir, doğmadır. İnsan su, çörəyi ilə böyüdüyü eli sevir, hər kəs öz tutduğu mövqedə Vətəninə xidmət etməyə çalışır. Müəllim savadlı kadr yetişdirməklə, şair gözəl torpağını vəsf etməklə, yazıçı gözəllikləri qələmə almaqla. Əlimə qələm aldığım gündən ən böyük arzum gözəl Vətənim, həmişəcavan, ellərin sevgili yarı, dünyanın bəzəyi Nəqşicahanım, Naxçıvanım haqqında bir yazı qələmə almaq olub. Bu yazımda qismən də olsa bu arzumu reallaşdırmağa çalışdım, ancaq bu da həqiqətdir ki, Naxçıvanda əldə edilən uğurları bir yazıya sığdırmaq mümkün deyil. Çünki Naxçıvanın inkişafı, yüksəlişi böyük bir tarix və qəhrəmanlıq dastandır.  

Ramiyyə Əkbərova

Jurnalist

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM