satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin müstəqil ekspertləri: Fransa idmanda din azadlığını məhdudlaşdırır

BMT-nin müstəqil ekspertləri: Fransa idmanda din azadlığını məhdudlaşdırır

BMT-nin insan haqları üzrə müstəqil ekspertləri Fransaya hicablı müsəlman qadın və qızların idman yarışlarında iştirakına mane olan qadağaları ləğv etməyə çağırış ediblər.

Naxçıvan televiziyası BMT-nin saytına istinadən xəbər verir ki, ekspertlər bu məhdudiyyətlərin ayrı-seçkilik xarakterli olduğunu və insan hüquqları sahəsində beynəlxalq öhdəlikləri pozduğunu bildiriblər.

BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş ekspertlər Fransanın futbol və basketbol federasiyalarının hicablı oyunçuların həvəskar idman növləri daxil olmaqla yarışlardan kənarlaşdırılmasını və bu ölkənin hökumətini həmin qadınların Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Fransanı təmsil etməsinə qadağa qoymasını tənqid ediblər.

Ekspertlərin fikrincə, bu tədbirlər insanların din azadlığı və mədəni həyatda iştirak hüququnu pozur. Bildirilib ki, Fransanın hicabla bağlı siyasəti inklüzivlik öhdəliklərinə ziddir və insan hüquqlarına uyğun deyil.

"Dövlətin neytrallığı və dünyəviliyi ifadə azadlığı, din və ya əqidə azadlığı hüquqlarına məhdudiyyətlər qoymaq üçün qanuni əsas deyil. Məhdudiyyətlər heç vaxt "fərziyyələr, ehtimallar və ya xürafatlar" əsasında olmamalıdır", - ekspertlər bildirib.

Onlar, həmçinin Fransanın ali inzibati məhkəməsi olan Dövlət Şurasının futbol federasiyasının hicab qadağasını dəstəkləməsi və Senatın ictimai yerlərdə hicabın istifadəsini daha da məhdudlaşdırmağa yönəlmiş qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Müstəqil ekspertlər xəbərdarlıq ediblər ki, qanun layihəsi hicabı ictimai asayiş üçün potensial təhlükə kimi təqdim edir və bu cür hərəkətlər müsəlman qadın və qızlara qarşı zərərli stereotipləri gücləndirəcək:

"Fransa hicabı seçən qadın və qızlara qarşı dözümsüzlük şəraitində onların müdafiəsi, hüquqlarının təmin edilməsi və mədəni müxtəlifliyə qarşılıqlı hörməti təşviq etmək üçün bütün tədbirləri görməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM