satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Avropa İttifaqının (Aİ) qurumları enerjitutumlu sənaye sahələrinə 2026-2030-cu illərdə ayrılacaq pulsuz karbon emissiyası kvotalarının artırılması barədə razılığa gəliblər.

NTV xəbər verir ki, Aİ Şurası Emissiyaların Ticarət Sistemi çərçivəsində sənaye sahələrinə pulsuz karbon emissiyası kvotalarının ayrılmasını nəzərdə tutan tənzimləmə ilə bağlı Avropa Parlamenti ilə aparılan danışıqlarda razılıq əldə olunduğunu açıqlayıb. Razılaşmaya əsasən, enerjitutumlu sahələrin rəqabət qabiliyyətini qorumaq və istehsalın iqlim tələblərinin daha yumşaq olduğu Aİ-yə üzv olmayan ölkələrə köçürülməsinin qarşısını almaq məqsədilə təxminən 121 milyon pulsuz emissiya kvotası ayrılacaq.

Saziş çərçivəsində Avropa Komissiyasının mövcud qaydalar əsasında pulsuz bölüşdürülməsini təklif etdiyi təxminən 88 milyon kvotaya əlavə olaraq, enerji səmərəliliyinin yoxlanılması və ya iqlim neytrallığı planları ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi səbəbindən əvvəllər ayrılmamış 28 milyon kvota da təqdim ediləcək. Bundan başqa, istehsalın Aİ hüdudlarından kənara köçürülməsi riski ilə daha çox üzləşən enerjitutumlu sənaye sahələrini dəstəkləmək məqsədilə 2026-2030-cu illər üçün əlavə 5 milyon kvota ayrılacaq. Bu dəstək mexanizmi çərçivəsində istifadə olunmayan kvotalar isə fondlar vasitəsilə investisiyaların və innovativ layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Razılaşma Aİ Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiqləndikdən sonra qüvvəyə minəcək. Avropa Komissiyası, həmçinin istilik və yanacaq istehlakı əsasında kvotaların hesablanmasına dair tətbiq qaydalarını müəyyən edəcək.

Emissiyaların Ticarət Sisteminə əsasən, müəssisələr atmosferə buraxdıqları hər ton karbon qazı üçün bir emissiya kvotasına malik olmalıdırlar. Kvotaların müəyyən hissəsinin müəssisələrə pulsuz ayrılması sənayenin karbon emissiyaları ilə bağlı xərclərinin azaldılmasına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM