Ölkələrin hökumətləri Braziliyada keçiriləcək COP30-a qədər iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni milli fəaliyyət planları hazırlamalıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, planlar həm də qlobal enerji keçidinin sürətləndirilməsi hesabına qlobal temperaturun artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasını nəzərdə tutmalıdır.
"Biz həmçinin qlobal istiləşməyə uyğunlaşmaq, emissiyaları azaltmaq və bərpa olunan enerji mənbələri sahəsində inqilabın üstünlüklərindən istifadə etmək üçün inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsini artırmalıyıq", - o əlavə edib.
Qeyd edək ki, COP30 2025-ci il noyabrın 10-21-də Braziliyada keçiriləcək.
A.Quterreş vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə geri qalmasına səbəb olan yüksək kapital xərcləri problemini də həll etmək lazımdır. "Bütün biznes subyektlərini və maliyyə qurumlarını 1,5 dərəcə hədəfinə və BMT-nin Sıfır emissiya üzrə yüksək səviyyəli ekspertlər qrupunun tam tövsiyələrinə uyğun olmalı olan etibarlı enerji keçidi planları hazırlamağa təkidlə çağırıram", - Baş katib bildirib.