Avropa İttifaqının (Aİ) militarizasiyası prosesində sıçrayışa nail olmaq lazımdır və bu, cəsarətli və çətin qərarların qəbulunu tələb edəcək.
NUHÇIXAN xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı deyib. Onun fikrincə, bu addım Rusiyanın qarşısını almaq üçün vacibdir.
O, həmçinin bildirib ki, yaxın dörd ildə Aİ-nin hərbiləşdirilməsi üçün Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq plan çərçivəsində hərbi sərmayələrin əksəriyyətini ittifaq ölkələri öz büdcələri və müstəqil kreditlər hesabına tapmalı olacaqlar.
Təhlükəsizlik böhranı
Avropanın təhlükəsizlik böhranı ilə üzləşdiyini deyən Ursula Fon der Lyayen bunun həm də yeni imkanlar açdığını və ittifaqın tarixən böhranlar üzərində qurulduğunu vurğulayıb.
Avropa Komissiyasının rəhbəri ümum-Avropa müdafiəsinin vaxtının gəldiyini və Avropa İttifaqının martın 6-da keçirilmiş sammitində hərbi həllər üzərində konsensus əldə olunduğunu qeyd edib.
Fon der Lyayenin “Ağ kitab”ı
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Avropa Parlamentindəki çıxışında həmin “çətin qərarların” müdafiə məsələləri üzrə “Ağ kitab”da təqdim olunacağını bildirib. Avropa Komissiyası tərəfindən hazırlanan “Ağ kitab” soyuq müharibədən sonra Avropanın hərbiləşdirilməsi üçün hərtərəfli strategiyaya çevrilməlidir.
Koşta hesab edir ki, Aİ-nin hərbiləşdirilməsi Avropa iqtisadiyyatına, sənayenin inkişafına və məşğulluğun artmasına böyük töhfə verəcək.
Valeri Aye: Ağ ev artıq müttəfiq deyil
Nə Ursula Fon der Lyayen, nə də Antonio Koşta Avropanın təhlükəsizlik sistemində sarsıntının nədən ibarət olduğunu dəqiqləşdirməyib. Avropa Parlamentindəki liberal qrupun rəhbəri Valeri Aye isə sessiyada müzakirələr zamanı Ağ evin artıq müttəfiq olmadığını deyib. Onun sözlərinə görə, dünya artıq dəyişib və Avropa İttifaqı özünü müdafiə etməyə hazır olmalıdır. “Aİ şərqdə Rusiyanın, qərbdə isə ABŞ Prezidenti Donald Trampın qarşısını almalı və daxildə mühafizəkar qüvvələrlə mübarizə aparmalıdır”, - deyə Valeri Aye bildirib.