Moskva Cenevrədə müzakirə olunan Ukrayna üzrə sülh planının əsas parametrlərini alıb.
NTV xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov parametrlərin Cenevrədə keçirilən Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin görüşündən sonra Rusiya tərəfinə çatdırıldığını qeyd edib. Onun sözlərinə görə, müzakirələr gələn həftə Moskvada davam edəcək. Habelə nizamlama ilə bağlı qərarların kim tərəfindən – konkret dövlətlər, yoxsa BMT tərəfindən tanınacağı məsələsi də müzakirə olunacaq.
Kreml sözçüsü vurğulayıb ki, bu nüanslar danışıqlar zamanı müəyyən edilməlidir və Rusiya detalları “meqafon formatında” açıq şəkildə müzakirə etməyi məqsədəuyğun saymır.
Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsindən sonra hərbi əməliyyatların dayandırılması ilə bağlı Prezident Vladimir Putinin sözlərinə münasibət bildirən Peskov konkret ərazilərin hələ açıqlanmadığını və bütün detalların danışıqlar zamanı müzakirə olunacağını vurğulayıb.
