Gürcüstanda ümumi təhsil islahatı çərçivəsində bir sıra yeniliklər tətbiq olunacaq.
NTV xəbər verir ki, bu barədə Gürcüstanın təhsil naziri Givi Mikanadze islahat konsepsiyasının təqdimatında məlumat verib. Nazir bildirib ki, gələn tədris ilindən ictimai məktəblərin 11-ci sinifləri profilləşdiriləcək. Yeni modelə əsasən, şagirdlər yalnız imtahan verəcəkləri fənləri öyrənəcəklər. Bunun üçün məktəblərdə “repetitorluq sistemi” adlanan yeni yanaşma tətbiq olunacaq. Onun sözlərinə görə, islahatın əsas məqsədi şagirdləri məktəbə qaytarmaq, məktəbin nüfuzunu artırmaq və ailələri əlavə hazırlıq xərclərindən azad etməkdir.
Yeniliklərdən biri də məktəbli formaları ilə bağlıdır. Gələn tədris ilindən etibarən bütün dövlət məktəblərində 1-ci sinifdən 6-cı sinfə qədər şagirdlərin forma geyinməsi test rejimində məcburi qaydada bərpa olunacaq. Sosial cəhətdən həssas ailələrə bu istiqamətdə dövlət dəstəyi göstəriləcək. Bundan əlavə, tədris mühitinin yaxşılaşdırılması məqsədilə dərs saatlarında məktəblərdə mobil telefonlardan istifadə qadağan ediləcək.
Nazir bildirib ki, 2–3 il ərzində məktəblərdə bütün dərsliklər yenilənəcək və vahid dərslik tətbiq olunacaq. Bu, ölkə üzrə təhsil standartlarının eyni şəkildə formalaşmasına xidmət edəcək.
