Nigeriyada bir il ərzində doğulanların sayı Avropa və Rusiyadakı ümumi doğum sayından çox olub. 2023-cü ildə bu Afrika ölkəsində təxminən 7,5 milyon uşaq doğulub. Avropa və Rusiyada həmin il ümumilikdə 6,3 milyona yaxın uşaq dünyaya gəlib.
NTV “Eurostat”ın məlumatına istinadla xəbər verir ki, demoqrafik böhranla üzləşən Avropanın əksər dövlətlərində doğum sayı çox azalıb. Avropa İttifaqı ölkələrində hazırda hər qadına orta hesabla 1,38 uşaq düşür ki, bu da tarixi minimum sayılır. Rusiya da bu sahədə istisna deyil.
Bunun əksinə olaraq, Afrikanın əhali sayına görə ən böyük ölkəsi olan Nigeriya dünyada ən yüksək doğum göstəricilərindən birinə malikdir. Bu ölkədə hər qadına orta hesabla 4,5-dən çox uşaq düşür və müvafiq göstəriciyə görə yalnız Hindistandan geridə qalır. Əhalisinin əksəriyyəti gənc olan ölkə dünyanın ən böyük "körpə fabriklərindən" birinə çevrilib.
Bildirildiyinə görə, reproduktivlik baxımından müsbət rəqəmlərə baxmayaraq, Afrikanın bu ölkəsi ciddi çətinliklərlə üzləşir. Burada təhsil səviyyəsi, reproduktiv sağlamlıq və qadınların əmək qüvvəsində iştirakı inkişaf etmiş ölkələrə nisbətən aşağı olaraq qalır. Lakin təhsilə və iş yerlərinin yaradılmasına investisiya qoyularsa, bu demoqrafik artım böyük iqtisadi qazancdır. Əgər milyonlarla gənc əmək bazarında inkişaf siyasətləri ilə müşayiət olunmasa, bu, ağır bir yükə çevrilə bilər.
Beynəlxalq hesablamalar göstərir ki, Nigeriya əsrin ortalarına qədər Hindistan və Çindən sonra dünyada ən çox əhalisi olan ölkəyə çevriləcək.
