Qazaxıstanın yeni Konstitusiyasının ilk layihəsi bu gün konstitusiya islahatı komissiyasının altıncı iclasında müzakirə edilib.
NTV xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsi məlumat yayıb.
Konstitusiya Məhkəməsinin sədrinin müavini Bakıt Nurmuxanovun sözlərinə görə, yeni konstitusiya preambula, 11 bölmə və 95 maddədən ibarətdir.
Sənədin hazırlanması zamanı son altı ay ərzində vətəndaşlar, ictimai təşkilatlar, siyasi partiyalar və ekspertlərdən daxil olan təkliflər, həmçinin komissiya üzvlərinin qeyd və tövsiyələri nəzərə alınıb.
"Preambula tamamilə yenilənib. Burada ümummilli dəyərlər əks olunub ki, onlar keçmişi təcəssüm etdirir və ölkənin indisi və gələcəyi üçün istiqamət verir", - B.Nurmuxanov qeyd edib.
O, həmçinin vurğulayıb ki, insan kapitalının, təhsilin, elmin və innovasiyaların inkişafı dövlət fəaliyyətinin strateji istiqaməti kimi müəyyən edilib: "Bu yeniliklər üzrə geniş müzakirələr keçirilib və onlar ümumi dəstək alıb".
