İtaliya deputatları azərbaycanlı həmkarlarının səfərini gözləyirlər.
NTV xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurriya Romada keçirilən "Qafqazdan Aralıq dənizinə" adlı konfransda bildirib.
"Azərbaycan parlamenti ilə institusional əlaqələr də çox yaxşı inkişaf edir. Mən bir müddət əvvəl Bakıya etdiyimiz səfərə cavab olaraq azərbaycanlı həmkarlarımızı Romaya səfərə dəvət etdim", - o deyib.
Marko Skurriyanın sözlərinə görə, bu gün İtaliya tərəfindən Cənubi Qafqaza misilsiz diqqət yetirilir.
"Nazirlər Şurasının sədri bu yaxınlarda regionun bir sıra ölkələrinə səfər edərək İtaliya, Qafqaz və Mərkəzi Asiya arasında yeni əməkdaşlıq modelinin təşəbbüskarı olub. Azərbaycan həmçinin strateji mövqedə - İranla qonşuluqda və Ukraynaya yaxın ərazidə yerləşir. Bu, gələcək iqtisadi əlaqələr, xüsusən də Rusiya və Ukrayna arasında sülh əldə olunarsa perspektivlər açır", - o bildirib.
