Almaniya Silahlı Qüvvələri (Bundesver) Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında hərbi eskalasiya təhlükəsi ilə əlaqədar İraqdakı hərbi kontingentinin daha bir hissəsini bu ölkədən çıxarır.
NTV xəbər verir ki, “Spiegel” nəşrinin yaydığı məlumatda hərbçilərin İraqdan İordaniyaya aparıldığı bildirilib.
Bundesver İraqda NATO missiyası çərçivəsində yerli ordunun qurulmasını dəstəkləyir. Paytaxt Bağdadda bir neçə məsləhətçi istisna olmaqla Bundesverin şəxsi heyətinin böyük hissəsi şimal bölgəsində - Ərbildə yerləşdirilib. Ərbildəki hərbi kontingentin sayı fevralın əvvəlində azaldılıb. ABŞ-nin İrana zərbə endirməsi ehtimalının artması fonunda indi daha çox əsgərin geri çəkilməsi qərara alınıb.
Məlumatda, həmçinin qeyd olunub ki, Bundesver Yaxın Şərqdəki vəziyyəti çox diqqətlə izləyir. Almaniyanın Hərbi Hava Qüvvələri İordaniyanın şərqində kiçik bir bazada yerləşdirilib. Yanacaqdoldurma təyyarələri regionda terror qruplarına qarşı beynəlxalq koalisiyanı oradan dəstəkləyir. Bundesverin ABŞ-nin Qətərdəki Al-Udeyd hərbi bazasında antiterror koalisiyasının qərargahında xidmət edən bir neçə əsgəri də var.
Son məlumatlara əsasən, alman ordusunun İraq və İordaniyadakı missiyası çərçivəsində ümumilikdə 300 hərbçisi xidmət edib. Onların əsas hissəsi İordaniyada yerləşdirilib.
