Nigerdəki ucqar və yalın səhrada alimlər ət yeyən dinozavrların ən böyüyü arasında olan yeni bir spinozavr növünün qalıqlarını aşkar ediblər. Bu növ böyük bıçaq formalı baş təpəsi və sürüşkən balıqları tutmaq üçün bir-birinə bağlı dişlərə malik çənələri ilə başqalarından seçilir.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, spinozavr burada milyonlarla il əvvəl mövcud olmuş meşədə gəzir və müasir su quşu kimi böyük balıq tutmaq üçün çaylara girirdi. Tədqiqatçılardan biri deyib ki, bu nəhəng heyvan təxminən 12 metr uzunluğunda və 5-7 ton ağırlığında olub.
Dinozavr təxminən 95 milyon il əvvəl Afrikanın Təbaşir dövrü mənzərəsində təəccüblü bir görünüşə sahib idi və bölgənin su yollarında böyük balıqları ovlayırdı. Onun təxminən 50 santimetr hündürlüyündə olan sümüklü kəllə zirvəsi skimitar adlanan əyri qılınca bənzəyirdi və böyük yelkənə oxşar bir quruluşa, uzunsov timsahabənzər buruna malik idi.
Mövcud cins adı olan spinozavr (“Spinosaurus - onurğa kərtənkələsi”) ilə yanaşı, tədqiqatçılar bu heyvana “heyrətamiz” mənasını verən “mirabilis” adını veriblər. Cins oxşar xüsusiyyətlərə malik yaxın qohum növlər qrupudur. Məsələn, şirlər və pələnglər eyni cinsdir, lakin fərqli növlərdir.
Bu, “Yura dövrü parkı” filmlərində təsvirləri ilə şöhrət qazanan “Spinosaurus” dinozavrının yalnız ikinci məlum növüdür. Digəri – “Spinosaurus aegyptiacus” 1915-ci ildə Misirdən tapılan fosillərə əsasən adlandırılıb.
Yeganə məlum yarı su dinozavr yırtıcısı olan spinozavr ən böyük ət yeyən analoqları arasında triannozavr, giqanotozavr və karçarodontozavr ilə müqayisə oluna bilər.
