Şimali Koreyanın iqtisadiyyatı Qərbin nüvə proqramına maliyyələşdirməni dayandırmaq məqsədi daşıyan sərt sanksiyaları səbəbindən durğunluq yaşayır.
NTV xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In Fəhlə Partiyasının qurultayında sanksiyalardan zərər çəkmiş ölkənin iqtisadiyyatını yaxşılaşdıracağını və həyat səviyyəsini yüksəldəcəyini vəd edib.
Beş ildən bir keçirilən qurultay bir neçə gündür davam edir və ən adi detalların belə sirr olaraq saxlanıldığı bir ölkənin idarəetmə sisteminə nadir baxış təqdim edir.
Onilliklər boyu, hətta ərzaq təchizatı azaldıqda və aclıq başlayanda belə, nüvə silahları və hərbi güc Şimali Koreya üçün hər şeydən üstün olub. Lakin 2011-ci ildə hakimiyyətə gəldikdən sonra Kim Çen In yoxsul ölkənin iqtisadiyyatını gücləndirməyin vacibliyini vurğulayıb. Partiyanın 2021-ci ildə keçirilən son qurultayında Kim Çen In iqtisadi inkişafın demək olar ki, hər sahəsində səhvlərə yol verildiyi barədə olduqca nadir bir etirafla çıxış edib.
Analitiklər hesab edirlər ki, bu cür ifadələr qida çatışmazlığı, hərbi xərclər və Şimali Koreyanın Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına davamlı dəstəyindən irəli gələn ictimai narazılığı aradan qaldırmaq üçündür.
Şimali Koreyanın iqtisadiyyatı illərdir ki, nüvə proqramına maliyyələşdirməni dayandırmaq məqsədi daşıyan Qərbin sərt sanksiyaları səbəbindən durğunluq içindədir. Lakin Pxenyan nüvə arsenalından imtina etmək istəmir. Kim Çen In artıq milli nüvə silahı proqramının növbəti mərhələsinin builki qurultayda açıqlanacağını bildirib.
