İranın neft naziri Möhsün Paknecat cümə günü ABŞ ilə neft və qaz sektorlarında əməkdaşlığın mümkün ola biləcəyinə işarə edib. Bu, hökumət rəsmisinin Vaşinqtonla danışıqlar fonunda nadir bir açıqlaması olub.
NTV Anadolu Agentliyinə istinadla xəbər verir ki, nazir yerli medianın Tehranın Vaşinqtonla enerji sektorunda əməkdaşlıq perspektivi ilə bağlı sualına cavabında bunun mümkün olduğunu bildirib. Amma o əlavə edib ki, hazırda belə ikitərəfli enerji əməkdaşlığının baş tutacağı qeyri-müəyyəndir.
Nazirin şərhləri İran ilə ABŞ arasında Omanın vasitəçiliyi ilə dolayı nüvə danışıqları fonunda verilib. Danışıqların sonuncu mərhələsi çərşənbə axşamı Cenevrədə baş tutub. Hər iki tərəf rəhbər prinsiplər üzrə irəliləyişi etiraf edib və müzakirələri İranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən çıxılmaz vəziyyətin həllində irəliyə doğru bir addım kimi qiymətləndirib.
İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Həmid Qənbəri İranın Ticarət Palatasında keçirilən son görüşdə neft və qaz sahəsində qarşılıqlı maraqların, ortaq enerji yataqlarının, mədən investisiyalarının və hətta təyyarələrin satın alınmasının ABŞ ilə müzakirə olunan çərçivənin bir hissəsi olduğunu bildirib.
İranın neft sənayesi ABŞ və Avropa ölkələri tərəfindən ciddi sanksiyalara məruz qalıb və ixracın əksəriyyəti regional tərəfdaşlara, xüsusən də Çin və Rusiyaya yönəldilib. Bu ölkə dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarından birinə malikdir və bəzi araşdırmalar onu dünyada qaz baxımından ikinci, neft baxımından isə üçüncü yerdə qoyur.
İran və ABŞ arasında Pəhləvi hökumətinin devrilməsindən sonra heç bir rəsmi diplomatik və ya ticarət əlaqələri olmayıb. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, Omanın vasitəçiliyi ilə aparılan danışıqlar hələ də nüvə problemini həll etmədiyi üçün İran və ABŞ-nin 1979-cu ildən bəri ilk dəfə enerji əməkdaşlığı qurma ehtimalı aşağı olaraq qalır.
ABŞ-nin Yaxın Şərqdə hərbi potensialını genişləndirməsi və İranın hərbi təlimləri də daxil olmaqla artan regional gərginlik danışıqlara kölgə salmaqda davam edir.
