Harvard Universitetində çalışan alimlərin apardıqları yeni araşdırma sosial mediadan qısamüddətli uzaqlaşmanın gənclərin psixi sağlamlığına müsbət təsir göstərə biləcəyini aşkarlayıb.
NTV “JAMA Network” jurnalına istinadla xəbər verir ki, cəmi 7 günlük “sosial media detoksu” gənclər arasında narahatlıq, depressiya və yuxu problemlərində əhəmiyyətli azalma ilə nəticələnib.
Tədqiqat çərçivəsində 18–24 yaş aralığında olan 295 gəncin psixi sağlamlığı 3 həftə müddətində izlənilib. İlk iki həftədə iştirakçılar sosial mediadan normal istifadə ediblər, üçüncü həftədə isə onlar buna 7 günlük fasilə veriblər. Araşdırmanın nəticələrinə görə, onlarda narahatlıq simptomları 16, depressiya təxminən 25, yuxu problemləri isə 14 faiz azalıb. Xüsusilə əvvəlcədən ağır depressiv əlamətləri olan iştirakçılarda yaxşılaşma daha nəzərəçarpan olub. Bununla belə, tədqiqatçılar sosial mediadan uzaqlaşmanın tənhalıq hissinə təsir etmədiyini və bu göstəricidə ciddi dəyişiklik qeydə alınmadığını bildiriblər.
Harvard Tibb Məktəbinin psixiatriya üzrə dosenti, tədqiqatın müəlliflərindən biri John Torous sosial mediadan uzaqlaşmağın “ilk və ya yeganə həll yolu” kimi qəbul edilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu üsul müalicə ilə yanaşı faydalı ola bilər, lakin bu, hamı üçün eyni nəticəni vermir.
“University of Pennsylvania” tərəfindən aparılan başqa bir araşdırmada isə erkən yaşda smartfon cihazlardan istifadənin risklərinə diqqət çəkilib. Həmin araşdırmaya əsasən, 12 yaşında smartfon sahibi olan uşaqlarda depressiya, piylənmə və yuxu pozuntuları riskinin daha yüksək olduğu müəyyən edilib. Tədqiqatın müəllifi Ran Barzilay bildirib ki, uşaqlara smartfon verilməsi qərarı daha diqqətlə verilməlidir. Bununla belə, mütəxəssislər smartfonların tamamilə zərərli hesab edilməməli olduğunu da qeyd ediblər. Belə ki, bir çox gənc üçün bu cihazlar sosial əlaqələri gücləndirir, öyrənməni dəstəkləyir və faydalı məlumatlara çıxış yaradır.
Nəticə olaraq, mütəxəssislər hesab edirlər ki, qısamüddətli sosial media fasiləsi psixi sağlamlıq üçün faydalı ola bilər, lakin bu, universal həll yolu deyil və ən yaxşı yanaşma balanslı istifadədir.
