Prezident Sadır Japarovun tapşırığı ilə Qırğızıstan İrana humanitar yardım göndərəcək.
NTV Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, humanitar yardımın ümumi həcmi 129 ton təşkil edir. Bunun 66 tonu ərzaq, 63 tonu isə dərman vasitələridir. Yardım paketinə un, konservləşdirilmiş ət, bitki yağı və zəruri dərmanlar daxildir.
Məlumata görə, yüklər artıq toplanaraq Fövqəladə Hallar Nazirliyinin yeddi ağır tonnajlı yük maşınından ibarət karvana yüklənib və İrana göndərilməyə hazır vəziyyətə gətirilib.
Qeyd olunub ki, bu yardım zərər çəkmiş mülki əhaliyə dəstək məqsədi daşıyır. Humanitar yardımın İrana çatdırılması Qırğızıstanın bu ölkədəki səfiri Akılbek Kılıçevin iştirakı ilə həyata keçiriləcək.
