Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Fransaya məxsus “Charles-de-Gaulle” təyyarədaşıyan gəmisi Aralıq dənizinə yerləşdirilib. Həmçinin ölkənin Hərbi Dəniz Qüvvələri bu gəmidəki 3 “E-2C Hawkeye” radar təyyarəsinin 2032-ci ilə qədər istifadədə saxlanmasına dair qərar qəbul edib.
NTV xarici mediaya istinadla xəbər verir ki, plana əsasən, bu təyyarədaşıyan gəmidə 2027-ci ildə üçüncü və sonuncu texniki baxış mərhələsinə başlanılacaq. Bu, gəmini 2038-ci ilədək operativ vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub. “Charles-de-Gaulle” daha sonra “France libre” adlı yeni gəmi ilə əvəzlənəcək. Bu dövrdə yeni “E-2D Advanced Hawkeye” göyərtə radar təyyarəsinin qəbul edilməsi planlaşdırılır, lakin azı 1 “E-2C Hawkeye” də istifadədə qalacaq.
Qeyd edək ki, 2038-ci ildə istifadəyə veriləcək “France libre” “Naval Group”da inşa edilmiş ən böyük Fransa təyyarədaşıyan gəmisi olacaq. Layihənin ümumi dəyəri 12 milyard avronu keçəcək.
