Dağıstanda Gedjux su anbarının daşması nəticəsində yaranan daşqın təhlükəsi səbəbindən Dərbənd rayonunun dörd mikrorayonundan 4 mindən çox insan təxliyə edilib.
NTV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
Açıqlamada bildirilir ki, su anbarında suyun səviyyəsinin yüksəlməsi nəticəsində hidravlik qurğu zədələnib və bunun ardınca daşqın təhlükəsi yaranıb. Profilaktik tədbir olaraq risk zonasındakı ərazilərdən 4 mindən çox sakin köçürülüb.
Qurum əlavə edib ki, vəziyyətin havadan izlənməsi üçün nazirliyin aviasiya qüvvələri səfərbər edilib. Bildirilib ki, Müslüm Devrişbekovun rəhbərlik etdiyi xüsusi qrup daşqın vəziyyətini qiymətləndirmək məqsədilə helikopterlə əraziyə baxış keçirib.
Daha əvvəl rayon rəhbəri Elman Allahverdiyev daşqın zonasındakı bütün sakinlərin təxliyə edildiyini açıqlamışdı. Respublika prokurorluğu isə ərazidə aparılan təxliyə prosesinə nəzarət edir.
