Parisin şimalında yerləşən Saint-Denis şəhərinin yeni meri, sosialist Balli Bagayoko irqi ayrı-seçkiliyə qarşı çağırış edib.
NTV xəbər verir ki, Paris ətrafındakı ikinci böyük şəhər olan Saint-Denisdə minlərlə insan yeni merin çağırışı ilə irqi ayrı-seçkiliyə qarşı toplanıb.
Mer bu aksiyanı CNews kanalında ona qarşı edilən irqi təhqirlərdən sonra təşviq edib. “Bu gün biz çoxsaylıyıq… Biz sağçı ekstremizmdən qorxuruq. İrqi ayrı-seçkiliyə qarşı mübarizə mütləq qələbə ilə nəticələnəcək. Biz Fransayıq!”, - deyə Bagayoko tribunadan bildirib.
Şəhərin mərkəzindəki bələdiyyə binasının önündə keçirilən aksiyada bir sıra solçu siyasi xadimlər, eləcə də sosialistlərin nümayəndə heyəti, bir neçə həmkarlar ittifaqı və təşkilatlar iştirak edib.
Bagayoko mətbuata bildirib ki, bu mübarizə irqi ayrı-seçkiliyə, antisemitizmə, islamofobiya və bütün diskriminasiya formalarına qarşıdır.
Mer, həmçinin Prezident Emmanuel Makronun mövzu ilə bağlı susqunluğunu tənqid edib.
Paris prokurorluğu “xalqın etnik, milli, irq və ya dini mənşəyinə görə ictimai təhqir” maddəsi üzrə istintaqa başladığını elan edib. Bagayoko isə hökumətin bu dəstəyini vaxtında atılmayan addım kimi qiymətləndirib.
