Türkiyə İran ətrafındakı gərginliyin təsiri altında inkişaf edən qlobal proseslərin mənfi mənzərəsinin çərçivəsindən kənardadır.
NTV xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, regionda gərginləşmə fonunda qlobal iqtisadiyyat son dövrlərin ən güclü şoklarından biri ilə qarşılaşıb.
“Hörmüz boğazı faktiki olaraq bağlıdır. Məsələ təkcə dünya neft tədarükünün 20 faizində deyil, həm də neft-kimya və gübrə bazarlarında böhranla bağlıdır. Dərman preparatları üçün kritik vacib xammalın tədarükü də dayandırılıb. Nəticədə, qlobal təbii qazın qiyməti ikiqat, neftin qiyməti isə 70 faiz artıb”, - deyə Türkiyə lideri bildirib.
O, həmçinin xatırladıb ki, Türkiyənin neft alışının yalnız 10 faizi böhran bölgəsinə təsadüf edib, bu da Ankaraya prosesləri çətinlik çəkmədən tənzimləməyə imkan verib. “Biz Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz idxal etmirik. Hazırda Türkiyəyə enerji təchizatının təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, ehtiyatlar kifayət qədərdir”, - deyə dövlət başçısı əmin edib.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara regionda atəşkəsə nail olmaq üçün diplomatik səyləri sürətləndirib. O, həmçinin Türkiyədə aralıq və ya növbədənkənar seçkilərlə bağlı deyilənləri də rədd edib.
