Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ölkənin prezidenti seçilib.
NTV xəbər verir ki, Milli Assambleyanın aprelin 7-də keçirilən iclasında To Lamın 2026-2031-cü illər üçün Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməsi məsələsinə baxılıb. Səsvermədə iştirak edən 495 deputatın hamısı onun namizədliyini dəstəkləyib. Seçkidən sonra To Lamın andiçmə mərasimi olub.
Qeyd edək ki, To Lam 2024-cü ilin may-oktyabr aylarında da Vyetnamın Prezidenti olub. O, həmin ilin avqustunda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilib. To Lam cari ilin yanvarında yenidən partiyanın rəhbəri seçilib.
Uzun illər polis orqanlarında xidmət etmiş To Lam 2016-2024-cü illərdə ictimai təhlükəsizlik naziri olub. O, 2011-ci ildən VKP-nin Mərkəzi Komitəsinin, 2016-cı ildən isə partiyanın Siyasi Bürosunun üzvüdür.
Şahin Cəfərov
