ABŞ Prezidenti Donald Trampın İrana Hörmüz boğazını açması üçün aprelin 6-na kimi verdiyi vaxt artıq bitib. Bu haqda Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib. O bildirib ki, İran boğazı açmasa ağır zərbələrə məruz qalacaq.
NTV xəbər verir ki, D.Trampın çıxışından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki Londonun ICE birjasında “Brent” markalı fyuçer neftinin bir barelinin qiyməti 2,43 faiz atraraq 111,89 dolları ötüb.
Bu arada İran ABŞ-ın bütün təkliflərini rədd etdiyini bəyan edərək Hörmüz boğazını açmayacağını bəyan edib. ABŞ Prezidentinin hədələrinə cavab verən Tehran rəsmiləri “Yaxın Şərqi cəhənnəmə çevicəcəyik” bəyanatını səsləndirib.
Geosiyasi proseslərin müharibə ilə davam etməsi dünya enerji bazarındakı gərginliyi bir az daha artırıb. Halbuki, bir neçə gün öncə ABŞ şəhərlərində milyonlarla insanın iştirakı ilə kütləvi aksiyalar keçirildi və müharibənin başa çatdırılması tələb edildi. Bundan sonra elə bir atmosfer yaranmışdı ki, bu siyasi turbulentlikdən çıxmaq üçün hamı D.Trampın pozitiv fikir söyləyəcəyini gözləyirdi. Lakin o müharibənin hələ davam edəcəyini və İrana quru qoşun yeridəcəyini sətiraltı qaydada biruzə verdi.
“Reuters” yazır ki, neftin dünya bazarına çıxış yolunun bağlı qalması iqtisadi fəsadlar törətməkdə davam edir. Pakistanın Maliyyə Nazirliyinin bəyanatına görə, ölkədə 12 günlük neft ehtiyatı qalıb. Ölkədəki təhsil müəssisələri bağlanıb və tələbələr distant təhsilə keçirilib. Dövlət strukturlarına məxsus nəqliyyat vasitələrinə ayrılan yanacaq 50 faiz azaldılıb. Nəqliyyat vasitələrinin 60 faizinin istifadəsinə qadağa qoyulub. Dövlət orqanları 4 günlük iş rejiminə keçiblər.
İranın Hörmüz üzərində protektoratlığı və boğazdan gəmilərin keçidi üçün rüsum toplamağa çalışması ABŞ Senatını qıcıqlandırıb. Respublikaçı senator Lindsi Qrem bildirib ki, müharibənin nəticəsindən asılı olmayaraq Hörmüz boğazını İranın əlində qalmasına imkan vermək olmaz. Onun fikrincə, ABŞ özü boğaza nəzarət etməlidir və bunun üçün lazım olnan tədbirlər həyata keçirilməlidir.
“Bloomberg” məlumat yayıb ki, ötən həftə İran boğazdan 21 tankerinin keçməsinə icazə verib. İranın istisnalarla boğazdan tanker buraxması bazarda neftin qiymətinin kritik bahalaşmasını ləngidir. Tankerlər Türkiyə, İraq, Çin, Hindistan və Yaponiyaya məxsus olub. Lakin bu da bazarın tələbini ödəmir. Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından sutkada 135 gəmi keçirdi.
İran İslam Şurası Məclisinin (parlamentin) milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, İran parlamenti Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı qanun hazırlayır. Hələlik isə hərbi əməliyyatlar və onun doğurduğu yanacaq böhranı davam edir.
