Yaxın Şərqdəki gərginliyin dünya enerji bazarına mənfi təsirlərinə məruz qalan ölkələrdən olan Tailandda yanacaqdoldurma məntəqələrinin gündəlik iş saatları azaldılır.
NTV Tailand mediasına istinadla xəbər verir ki, Baş nazir Anutin Çarnvirakul hökumətin enerji böhranı ilə mübarizə tədbirlərinə dair mətbuat konfransında bildirib ki, hökumət Yaxın Şərq münaqişəsi fonunda enerjiyə qənaət etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
O, münaqişə bitsə belə, neft və təbii qaz istehsalı üçün istifadə olunan infrastrukturun bərpasına vaxt lazım olacağını, nəticədə yüksək enerji qiymətləri və neft-kimya məhsullarının çatışmazlığının bir müddət davam edəcəyini söyləyib. Anutin Çarnvirakul hökumətin alternativ yanacaq mənbələrini təmin etməsinin getdikcə çətinləşdiyini etiraf edib, ictimaiyyəti vəziyyətin öhdəsindən gəlmək üçün həyat tərzini uyğunlaşdırmağa çağırıb.
Tailand mediasının məlumatına görə, yanacağa qənaət məqsədi ilə qəbul edilən qərar aprelin 20-də qüvvəyə minəcək. Qaydalara əsasən, yanacaqdoldurma məntəqələri axşam saat 10-dan səhər saat 5-dək bağlı olacaq.
Tailandın bir neçə aviasiya şirkəti isə yanacaq qiymətlərinin bahalaşması və yüksək əməliyyat xərcləri səbəbindən bəzi istiqamətlərdə uçuşları azaltdığını açıqlayıb. “Thai Lion Air”, “Nok Air” və “Thai AirAsia” şirkətləri daxili və beynəlxalq reysləri müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
Qeyd edək ki, Tailandın sıxılmış maye qaz idxalının 30, xam neft idxalının isə 50 faizi Hörmuz boğazından keçən dəniz yolu ilə təmin olunur.
