Bu gün Böyük Britaniya Yaxın Şərqdə müharibə başa çatdıqdan sonra Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması məqsədilə 40-dan çox ölkənin iştirakı ilə hərbi planlaşdırma görüşünə ev sahibliyi edəcək.
NTV “The Financial Times”a istinadla xəbər verir ki, virtual tədbirdə ötən ay strateji əhəmiyyətə malik bu su yolunda təhlükəsiz keçidin təmininə töhfə verməyə hazır olduqlarını bildirən ölkələrin rəsmiləri iştirak edəcəklər. Görüşdə Fransa, Almaniya, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələr təmsil olunacaq.
Böyük Britaniya rəsmisinin sözlərinə görə, London yaxınlığında yerləşən Nortvud hərbi planlaşdırma bazasından keçiriləcək görüşdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) daxil olmadığı beynəlxalq koalisiyanın hansı uyğun tədbirlər görə biləcəyi müzakirə olunacaq.
Qeyd edək ki, İran fevral ayının sonlarında ABŞ və İsrailin həyata keçirdiyi zərbələrdən sonra qlobal enerji daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazını faktiki olaraq bağlayıb. Qeyd olunur ki, dünya üzrə neft və qazın təxminən 20 faizi bu marşrut vasitəsilə daşınırdı. Boğazın bağlanması qlobal səviyyədə enerji qiymətlərinin kəskin artmasına səbəb olub və bu, mümkün iqtisadi böhranla bağlı narahatlıqları artırıb.
