Yaxın Şərqdəki müharibə fonunda təyyarə yanacağının qiymətlərinin kəskin artması bir sıra aviaşirkətləri uçuşları azaltmağa və biletlərin qiymətlərini artırmağa məcbur edib.
NTV BBC-yə istinadla xəbər verir ki, “Air India” və “Air New Zealand” bu istiqamətdə qərar qəbul etdiklərini açıqlayıblar. Məlumata görə, dünyada bir çox aviaşirkət artan yanacaq xərclərini kompensasiya etmək üçün təcili tədbirlər görür. Təyyarə yanacağı aviaşirkətlərin əməliyyat xərclərinin təxminən 20–40 faizini təşkil edir.
Ötən həftə Avropada etalon təyyarə yanacağının qiyməti hər ton üçün rekord hədd olan 1838 dollara yüksəlib. Müharibədən əvvəl bu göstərici 831 dollar idi. Analitiklər bildirirlər ki, münaqişə davam etdiyi müddətdə sərnişinlər daha yüksək bilet qiymətləri və daha çox uçuş ləğvləri ilə üzləşə bilərlər.
Mütəxəssislərin fikrincə, yanacaq qiymətlərindəki artım Yaxın Şərqdə yerləşən neft emalı zavodlarının, xüsusilə Küveytdəki Əl-Zour zavodunun mühüm rolunu bir daha göstərir. Bu zavod təkbaşına Avropanın təyyarə yanacağı idxalının təxminən 10 faizini təmin edir.
