İran Hörmüz boğazından keçməyi planlaşdıran bütün gəmilərin minalarla toqquşma riskindən yayınması üçün rəsmi Tehranın təklif etdiyi iki alternativ marşrutdan istifadə olunmasını tələb edib.
NTV xarici mediaya istinadla xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, Fars körfəzi və Hörmüz boğazındakı hərbi vəziyyət və dənizdə müxtəlif gəmi əleyhinə minaların aşkarlanması ehtimalı səbəbindən boğazdan keçmək niyyətində olan bütün gəmilərdən Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilərək sonrakı xəbərdarlığa qədər alternativ yollardan istifadə etmələri tələb olunur. Vurğulanır ki, bu qərar dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə potensial toqquşmalardan qorunmaq üçün verilib.
Bəyanatda Fars körfəzi ilə Hörmüz boğazından və geriyə iki alternativ marşrutun müəyyən olunduğu bildirilir.
