Ukrayna Müdafiə Qüvvələri strateji təşəbbüsü qoruyub saxlayır və Rusiya qoşunlarının genişmiqyaslı hücuma başlamasının qarşısını alır.
NTV bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin “Telegram” kanalına istinadla xəbər verir.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin üstünlüyünün əsas amillərindən biri pilotsuz uçuş aparatları bölmələridir. Bu bölmələr hazırda düşmənə ən geniş miqyasda və təsirli zərbələr vurur.
O qeyd edib ki, mart ayında Ukrayna pilotsuz sistem bölmələri tərəfindən vurulan Rusiya ordusunun şəxsi heyətinin ümumi itkisinin nisbəti 29 faiz artıb.
Sırski əlavə edib: “2025-ci ilin dekabrından başlayaraq ardıcıl dörd aydır ki, pilotsuz sistem bölmələrimiz Rusiya ordusunun səfərbər etdiyindən daha çox şəxsi heyəti zərərsizləşdirib”.
Baş komandanın bildirdiyinə görə, artıq pilotsuz hərbi bölmələr orta hesabla gündə 11 mindən çox döyüş tapşırığını yerinə yetirir. Bundan əlavə, mart ayının nəticələrinə görə, fevral ayının statistikası ilə müqayisədə 50 faiz daha çox təsdiqlənmiş hədəf vurulub, onların sayı 150 mindən çoxdur.
