“Lufthansa”nın kabin heyətinin birgünlük tətili aviaşirkətin fəaliyyətini iflic edib.
NTV “Spiegel” nəşrinə istinadla xəbər verir ki, kabin heyəti işçilərinin həmkarlar işçiləri təşkilatı (UFO) “Lufthansa”nın əsas şirkətində və regional törəmə şirkəti olan “Lufthansa CityLine”nin 20 minədək təyyarə bələdçisini aksiyaya qoşulmağa çağırıb. İşçilərin böyük əksəriyyəti tətilə dəstək verib. Bu, pilotların ikimərhələli tətilindən sonra Almaniyanın ən böyük aviaşirkətində bu il baş verən üçüncü böyük tətil sayılır.
Saat 22:00-dək davam edəcək aksiyanın əsasən Münxen və Frankfurt hava limanları olmaqla, Leyptsiq, Berlin, Ştutqart və digər hava limanlarında yüzlərlə aviareysə təsir edəcəyi gözlənilir. “Lufthansa” əks tədbirlər görəcəyini açıqlasa da, əvvəlcədən artıq yüzlərlə reysi ləğv edib. Frankfurt hava limanında planlaşdırılan 350 uçuşdan 75 faizi ləğv olunub.
Tətilin keçirilməsi həmkarlar ittifaqı təşkilatı ilə şirkət rəhbərliyi arasında danışıqların uğursuzluqla nəticələnməsindən sonra qərara alınıb. Danışıqlarda təxminən 19 min təyyarə bələdçisinin əmək şəraitinin yaxşılaşdırılması tələb olunur. İşçilər, xüsusilə iş qrafikinin optimallaşdırılmasını və işdən çıxarılma müddətlərinin uzadılmasını tələb edirlər.
