Nigeriya hərbçilərinin ölkənin şimal-şərqindəki Yobe ştatında bazara endirdiyi aviazərbə nəticəsində ən azı 200 nəfər həlak olub.
NTV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşən, ordunun "Boko Haram" terror qruplaşmasının yaraqlılarını təqib etdiyi Cilli kəndindəki bazara endirilib.
Rayon rəhbərinin məsləhətçisi və Fuçimeram dairəsinin ənənəvi rəhbəri Lavan Zanna Nur Geydamın sözlərinə görə, ölənlərin sayı 200 nəfəri keçib. O bildirib ki, yaralılar Yobe və Borno ştatlarındakı xəstəxanalara çatdırılıb.
Aviazərbə və qurbanların sayı barədə məlumatı üç yerli sakin və beynəlxalq humanitar təşkilatlardan birinin nümayəndəsi də təsdiqləyib.
Nigeriyanın Hərbi Hava Qüvvələri Cilli ərazisində "Boko Haram" yaraqlılarının məhv edildiyini açıqlayıb.
Yobe Ştatının Fövqəladə Hallar üzrə Agentliyi Cilli bazarında tacirlər arasında qurbanların olduğu insident barədə ilkin məlumatlar aldığını və artıq təcili reaksiya tədbirlərinə başladığını bildirib.
Zərərçəkənlərdən biri, 43 yaşlı tibbi ləvazimatlar satıcısı Əhməd Əli partlayış zamanı yaralandığını danışıb. Onun sözlərinə görə, zərbə anında o qaçmağa çalışıb, lakin sonra digər insanlarla birlikdə yerə uzanıb.
