İrlandiyanın “Fianna foyl” və “Fine qel” partiyalarının (iki mərkəzçi partiya) koalisiya hökuməti təxminən bir həftə davam edən blokadalardan sonra yanacağın bahalaşmasına etiraz edənlərə güzəşt etməyə məcbur olub.
NTV yerli mediaya istinadla xəbər verir ki, aprelin 12-də hökumət fermerlər və yük maşını sürücüləri üçün əlavə dəstək tədbirləri elan edib. Yanacaq vergisi güzəştləri uzadılacaq və əvvəlcədən mayın 1-nə planlaşdırılan karbon vergisi artımı oktyabr ayına qədər təxirə salınacaq.
Dünyanın hər yerində olduğu kimi, İrlandiyada da yanacaq qiymətləri fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından bəri kəskin artıb. Bir ay ərzində dizel yanacağının qiyməti bir litr üçün 1,70 avrodan 2,17 avroya yüksəlib ki, bu da azı 25 faiz artım deməkdir. Hökumət martın 24-də yanacaq vergilərində ilkin endirim elan etsə də (ümumilikdə 250 milyon avro), bu tədbir yük maşını sürücülərinin və fermerlərin etirazlarını yatırmaq üçün kifayət etməyib.
Aprelin 7-dən etibarən yüzlərlə traktor və yük maşını Dublin, Kork və Limerik şəhərlərinə aparan əsas yollarda nəqliyyatın hərəkətini dayandırmağa və ya yavaşlatmağa başlayıb. Yanacaq anbarlarına giriş də o qədər bağlanıb ki, həftənin sonuna qədər ölkənin 1500 yanacaqdoldurma məntəqəsindən 600-ü faktiki olaraq boşalıb. Bu barədə “Sky News”a istinadla İrlandiyanın “Fuels for Ireland” idarəsinin rəhbəri Kevin MakPartlan bildirib.
