İraq səfirliyinin müvəqqəti işlər vəkili Əhməd İsmayıl əl-Kəravi Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.
NTV xəbər verir ki, İraq ərazisindən Bəhreynə və digər Körfəz ölkələrinə qarşı həyata keçirilən davamlı PUA (pilotsuz uçuş aparatları) hücumları, açıq təhdidlər qətiyyətlə pislənib və kəskin şəkildə qınanıb. Bu xüsusda diplomata etiraz notası təqdim edilib. Notada İraq hökumətinə müvafiq beynəlxalq qanunlara və qaydalara uyğun olaraq, bu kimi təhdid və hücumlara qarşı məsuliyyətli mövqe sərgiləməklə bağlı çağırış edilib.
Qeyd olunub ki, Bəhreyn Krallığının öz təhlükəsizliyini təmin etmək və ərazilərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, dünən İraqın Səudiyyə Ərəbistanındakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona rəsmi etiraz notası təqdim edilib. Səudiyyə Ərəbistanının, eləcə də regionun digər ölkələrinin suverenliyinə və sabitliyinə yönəlmiş hər hansı təhdidlərin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
