ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə imzalanmış ticarət sazişinin dəyişdirilə biləcəyini bildirib.
NTV xəbər verir ki, bu barədə o, “Sky News” telekanalına müsahibəsində qeyd edib.
“Onlara yaxşı ticarət razılaşması təqdim etdik, hətta lazım olandan daha yaxşısını. Ancaq bu razılaşma istənilən vaxt dəyişdirilə bilər”, - deyə Tramp vurğulayıb.
Tramp, həmçinin, Böyük Britaniyan ilə hazırkı münasibətlərə dair sualları da cavablandırıb. O, xüsusilə Londonun fevral ayında ABŞ-İsrailin İranla bağlı hərbi addımlarına qoşulmamasını tənqid edib: “Biz onlardan kömək istəyəndə onlar yanımızda deyildilər. Onlara ehtiyacımız olanda, ehtiyacımız olmayanda da ortada yox idilər. İndi də yoxdurlar”,- deyə Prezident bildirib.
Xatırladaq ki, ötən ilin may ayında Böyük Britaniya Trampın yenidən hakimiyyətə qayıdışından sonra ABŞ ilə tarif razılaşması əldə edən ilk ölkə olub. Bu razılaşma çərçivəsində avtomobillər, alüminium və polad məhsullarına tətbiq olunan bəzi idxal rüsumları azaldılıb.
