satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru yenidən diqqət mərkəzində

Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru yenidən diqqət mərkəzində

Rumıniyada Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru (AGRİ) layihəsinin yenidən gündəmə gətirilməsi istiqamətində mühüm müzakirələr aparılıb. Rumıniya Ticarət və Sənaye Palatasının prezidenti Mihai Daraban Gürcüstanın bu ölkədəki səfiri Tamar Beruçaşvili ilə görüşərək layihənin perspektivlərini və regional əməkdaşlıq imkanlarını müzakirə edib.

NTV Rumıniya mətbuatına istinadən xəbər verir ki, görüşdə AGRI layihəsinin Xəzər regionunun enerji resurslarının Avropaya nəqlində mühüm rol oynaya biləcəyi qeyd edilib.

Layihə çərçivəsində Azərbaycan qazının Gürcüstan vasitəsilə Qara dəniz sahillərinə çatdırılması, burada mayeləşdirilərək LNG gəmiləri ilə Rumıniyaya daşınması və sonradan yenidən qaz halına gətirilərək Avropa bazarlarına ötürülməsi nəzərdə tutulur. Bu məqsədlə iki xüsusi LNG terminalının inşası planlaşdırılır.

M.Daraban qeyd edib ki, layihənin həyata keçirilməsi üçün texniki imkanlar və tərəfdaşlıq mexanizmləri mövcuddur. “Marşrut var, tərəfdaşlar var, texnologiya var. Əsas məsələ Avropa səviyyəsində siyasi iradənin formalaşdırılmasıdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə o bildirib.

Gürcüstanın Rumıniyadakı səfiri Tamar Beruçaşvili isə öz növbəsində qeyd edib ki, mövcud geosiyasi şəraitdə Orta Dəhliz artıq alternativ marşrut deyil, strateji zərurətə çevrilib. Onun sözlərinə görə, Gürcüstan Asiya ilə Avropa arasında regional təşəbbüslərin inkişafını dəstəkləyir.

Qeyd edək ki, AGRI layihəsi uzun illərdir müzakirə olunsa da, son dövrlərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda yenidən diqqət mərkəzinə gəlib. Ekspertlər hesab edirlər ki, layihənin reallaşdırılması Xəzər regionunun enerji resurslarının Avropa bazarlarına çıxışını genişləndirə və regionun geoiqtisadi əhəmiyyətini daha da artırmağa xidmət edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM