BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) cümə axşamı günü “HungerMap Live” adlı yeni nəsil platformasını təqdim edib. Bu platforma 50-dən çox ölkədə aclıqla mübarizə aparmaq üçün qida təhlükəsizliyi məlumatlarını proqnozlaşdırıcı modelləşdirmə ilə birləşdirən rəqəmsal monitorinq və kəşfiyyat saytıdır.
NTV BMT-nin məlumatına istinadla xəbər verir ki, 300-dən çox analitik və onlarla etibarlı tərəfdaşın məlumatlarını - hökumət tərəfindən təsdiqlənmiş statistikaları, aclıq təsnifatı indeksi IPC-ni, kənd təsərrüfatı və iqtisadi məlumatları bir araya gətirən xəritə dünyanın ən həssas təbəqələrinin üzləşdiyi aclığın tam və müasir mənzərəsini təqdim edir.
“Bu, sizə, jurnalistlərə, həm də siyasətçilərə, buradakı tələbələrə qlobal ərzaq təhlükəsizliyinin nəbzini tutmağa imkan verir”, - deyə Ümumdünya Ərzaq Proqramının qida təhlükəsizliyi və qidalanma təhlili üzrə direktoru Jan Martin Bauer Nyu-Yorkdakı BMT-nin qərargahında media nümayəndələrinə bildirib.
Platformanın buraxılışı humanitar fəaliyyət üçün məhdud maliyyələşdirmənin olduğu və aclığın ən ağır forması ilə üzləşən insanların sayının 2019-cu ildəki 85 min nəfərdən 2025-ci ildə 15 dəfə artaraq 1,4 milyona çatdığı kritik vaxta təsadüf edir.
Proqnozlaşdırma modelləşdirməsi vasitəsilə xəritə üç vacib suala cavab verir. Dünyada ərzaq təhlükəsizliyinin hazırkı vəziyyəti necədir? Hansı ölkələr və regionlar təcili diqqət tələb edir? Ərzaq təhlükəsizliyi ehtiyaclarına töhfə verən əsas amillər hansılardır?
Tədqiqatlar göstərir ki, ortaya çıxan ərzaq təhlükəsizliyi problemləri ilə bağlı erkən xəbərdarlıq böyük vəsaitlərin qənaətinə və əməliyyat səmərəliliyinə səbəb ola bilər. ÜƏP-in qabaqlayıcı fəaliyyət proqramlarına qoyulan hər dollar üçün minimum yeddi dollar qənaət əldə edilir.
ÜƏP-in icraçı direktoru Sindi Makkeyn bildirib: “Məlumatlar aclığa qarşı mübarizənin əsas amilidir, bu platforma aclığın harada, necə və niyə artdığını izləyə və proqnozlaşdıra bilir, yəni, biz sadəcə aclığa reaksiya vermirik, onu qabaqlayırıq”.
Xəritə ÜƏP-in təsbit etdiyi “Aclığın qaynar nöqtələri” kimi tanınan 16 ölkədə proqnozlaşdırılan qida ehtiyacları üçün süni intellektlə proqnozlaşdırma imkanları təklif edir. Bu, artıq fəlakətli aclıqla mübarizə aparan əhalisi olan 16 ölkəyə şamil olunur. Digər bir yenilik qida təhlükəsizliyi şərtlərini ərzaq keyfiyyəti ilə əlaqələndirən “mikroelement qəbulunun adekvat göstəricisi” maddəsidir. Bill Qeyts Fondunun dəstəyi ilə hazırlanmış bu qidalanma təhlili vacib vitamin və mineralların qeyri-kafi qəbulundan qaynaqlanan gizli aclıq riski altında olan əhalini müəyyən etməyə kömək edir.
Qlobal qida təhlükəsizliyi monitorinqi və təhlili üçün maliyyələşdirmə ÜƏP-in məlumat bazasının son bir ildə 25 faiz azalması ilə həyəcanverici dərəcədə aşağı düşüb. Bauer bununla bağlı qeyd edib: “Aclığın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Buna görə də bu məlumatların toplanması maliyyələşdirmə baxımından vacibdir. Bəşəriyyət dünyanı yeni yaranan həyəcanverici vəziyyətlər və insan əzabı riski barədə xəbərdar edə biləcək etibarlı, sübutlara əsaslanan erkən xəbərdarlıq sisteminə sahib olmalıdır”.
