ABŞ və İsrailin İranla müharibəsi nəticəsində Yaxın Şərqdə gərginləşən münaqişənin Hörmüz boğazından enerji axınlarını pozmasından sonra Çin təbii qaz təchizatı üçün Orta Asiya ölkəsi Türkmənistana müraciət edib.
NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Dövlət Şurasının açıqlamasına görə, Baş nazirin müavini Din Süesyan enerji və infrastruktur sektorlarında əməkdaşlığı genişləndirmək üçün aprelin 15-17-də Türkmənistana səfər edib. O, səfər zamanı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb və iki ölkənin təbii qaz sektorunda əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
Berdiməhəmmədov Türkmənistanın Çinlə təbii qaz sektorunda əməkdaşlığa üstünlük verməyə davam edəcəyini vurğulayıb. O qeyd dib ki, “Qalkınış” qaz yatağının dördüncü mərhələsi Çin ilə tərəfdaşlıq çərçivəsində işlənəcək.
Baş nazirin müavini Din, həmçinin mart ayında iki ölkə arasında imzalanan müqaviləyə uyğun olaraq Çin Milli Neft Korporasiyası (CNPC) ilə “Türkmənqaz” arasında tərəfdaşlıq çərçivəsində işlənməsi planlaşdırılan “Qalkınış” qaz yatağının dördüncü mərhələsinin təməlqoyma mərasimində iştirak edib. Dünyanın bu ikinci ən böyük təbii qaz yatağının dördüncü mərhələsi ildə 10 milyard kubmetr qaz hasil etməyi hədəfləyir.
Din, həmçinin Aşqabadda Çin ilə Türkmənistan arasında təbii qaz sektorunda strateji əməkdaşlığın 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib. Bu əməkdaşlıq 2006-cı il aprelin 3-də təbii qaz boru kəməri və uzunmüddətli təchizat müqaviləsinin imzalanması ilə başlayıb.
Çin Baş nazirinin müavini iki ölkəni qlobal enerji təhlükəsizliyini qorumaq, enerji istehsalı və axınının sabitliyini təmin etmək, enerji bazarlarının sabit fəaliyyətini təşviq etmək və inklüziv qlobal enerji idarəetmə sistemi qurmaq üçün birgə çalışmağa çağırıb.
Qeyd edək ki, Türkmənistan hazırda Çinə ildə təqribən 40 milyard kubmetr təbii qaz ixrac edir.
