Qazaxıstanın Energetika Nazirliyi benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracına tətbiq edilən müvəqqəti qadağanın müddətini uzatmağı planlaşdırır.
NTV Qazaxıstanın Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir ki, neft məhsullarının avtomobil nəqliyyatı ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ixracına qoyulan qadağa 21 maydan 21 noyabr 2026-cı ilədək uzadılır.
Həmçinin 2026-cı il iyulun 1-dən dekabrın 31-dək Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosininin, dizel yanacağının, qazoylların, toluolun, ksilolun və neft bitumunun ixracına tətbiq olunan qadağanın müddəti uzadılacaq.
Bu tədbirlər ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına və daxili neft məhsulları bazarında sabitliyin qorunmasına yönəlib.
