Livan hakimiyyəti İsrail ilə müvəqqəti deyil, daimi atəşkəsin əldə olunmasına yönəlmiş razılaşma üzərində işləyir.
NTV xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun bildirib.
Yaxın Şərq mediası onun sözlərindən sitat gətirib: “Biz yeni bir mərhələdəyik. Bu, xalqımızın hüquqlarını, ölkəmizin birliyini və millətimizin suverenliyini qoruyacaq daimi bir razılaşma üzərində işləmək üçün keçid mərhələsidir”.
İsrail ilə birbaşa danışıqlara toxunan Livan Prezidenti qeyd edib ki, bu, zəiflik və ya güzəşt əlaməti deyil. O, həmçinin milli ərazinin bir qarışını belə güzəştə getməyəcəyinə söz verib.
Aun vurğulayıb ki, Livan artıq heç kimin oyununda piyada, heç kimin müharibələri üçün meydan deyil və heç vaxt da olmayacaq.
Qeyd edək ki, iki gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan hakimiyyətinin 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı. Bu razılaşma aprelin 17-nə keçən gecə qüvvəyə minib.
Vəziyyət isə İsrailə qarşı hərbi əməliyyatların Livan ordusu tərəfindən deyil, birbaşa Beyruta tabe olmayan “Hizbullah” hərəkatı tərəfindən aparılması səbəbindən daha da mürəkkəbləşir.
