Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Ali Şurasının yeni seçilmiş sədri Tsotne Ananidze ilə görüş keçirib.
NTV xəbər verir ki, görüşdə baş konsul Fuad Əzizov, vitse-konsul Məhbubə Namazova, həmçinin Acarıstan tərəfdən sədr müavini Ramaz Jintcharadze və Ali Şuranın üzvü Fati Khalvashi iştirak ediblər.
Görüş zamanı Azərbaycan ilə Gürcüstan, eləcə də hər iki ölkənin bölgələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin dövlət və hökumət başçılarının birgə səyi nəticəsində münasibətlırimiz yüksək səviyyəyə qalxıb.
Fuad Əzizov Tsotne Ananidzeni Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. O, regionlararası iqtisadi, humanitar, mədəni və parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Baş konsul, eyni zamanda, regionlar arasında daha sıx və səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini xüsusi qeyd edib.
Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.
